BNA: Nəqliyyat sayında azalma ekoloji duruma müsbət təsir edir

BNA: Nəqliyyat sayında azalma ekoloji duruma müsbət təsir edir
# 10 aprel 2020 16:19 (UTC +04:00)

"Karantin rejimi ilə əlaqədar nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir".

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, son bir ayda paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə olunur:

“Xüsusi karantin rejimi çərçivəsində hərəkətə tətbiq edilən məhdudiyyətlər havadakı zərərli qaz və tullantıların həcminin azalmasına səbəb olub. Paytaxtın bəzi küçə və prospektlərindəki svetoforlarda quraşdırılan hava keyfiyyəti sensorlarının qeydə aldığı nəticələrə görə, yeni il tətili günlərində Bakı şəhərinin havasında PM2.5 sərt hissəciklərdə azalma 27% olubsa, koronavirusla bağlı tədbirlər zamanı bu azalma 50% təşkil edib.

PM10 sərt hissəcikləri isə yeni il tətilində 50%, karantin rejimində 70%-ə enib. Karbon monoksid yeni ildə 40%, karantin rejimində 60% qədər azalıb. Azot dioksidin həcmində də azalma müşahidə olunur. Yeni ildə 20%, karantin rejimində isə 40%. Metan qazının yeni ildə 30% olan həcmi, karantin rejimində 45%-ə qədər azalıb. Oxşar tendensiya kükürd oksidinin həcmində də qeydə alınıb. Yeni ildə 70% , karantin rejimində isə 90% təşkil edib.

Qeyd olunanları nəzərə alaraq bir daha vətəndaşlarımızı xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq”, - deyə M.Ağayev deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR