BŞİH paytaxt bağçaları üçün karantin rejiminin tələblərinə uyğun qaydaları açıqlayıb - FOTO - VİDEO

BŞİH paytaxt bağçaları üçün karantin rejiminin tələblərinə uyğun qaydaları açıqlayıb - FOTO - VİDEO
# 03 sentyabr 2020 18:54 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Artıq İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görür. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb.

Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaq. Həftə sonu hər bir bağçada tam dezinfeksiya işləri aparılacaq.

Paytaxtın bütün uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR