Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb

Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb
# 01 aprel 2020 21:24 (UTC +04:00)

Bakı Media Mərkəzinin hazırladığı koronavirusla bağlı İtaliyaya dəstək videoçarxı bu ölkədə böyük maraqla qarşılanıb.

Azərbaycanın İtaliyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, İtaliyanın dövlət və ictimai təşkilatları, o cümlədən Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış siyasi simalar, kütləvi informasiya vasitələri, sadə vətəndaşlar sözügedən videoçarxı paylaşaraq öz şərhləri ilə Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə təşəkkür edir və bu diqqəti yüksək qiymətləndirirlər.

İtaliyanın nüfuzlu Askanews xəbər agentliyi bu videoçarx ilə bağlı xüsusi reportaj yayıb.

Reportajda deyilir: “Bakı ilə Roma arasında dostluq diplomatiya və iqtisadiyyatdan da uzaqlara gedir. Azərbaycan və İtaliya koronavirusa qarşı mübarizədə də birlikdədirlər və bir-birinə yaxındırlar. Bakı Media Mərkəzinin hazırladığı İtaliya xalqı ilə yaxınlığı və həmrəyliyi nümayiş etdirən video çarxın da verdiyi ismarıc budur. Bu video çarx İtaliyaya Azərbaycanın hədiyyəsidir. İtaliyanın və Azərbaycanın bayraqlarının dalğalandığı günəşlər şəhəri Bakıda tenor Fərid Əliyev piano və skripkanın müşayiəti ilə Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariasını ifa edir. İtaliyanın bayrağı, Milan, Yuventus, Roma kimi məşhur futbol klublarının köynəkləri və Puççininin ariyası kimi İtaliyaya aid simvolların göstərildiyi video çarxın sonunda “Günəş doğanda qalib gələcəm” kimi ümid çağırışı və Bakıdan İtaliyaya “İtaliya, güclü ol, Azərbaycan sizinlədir” ismarıcı göndərilir”.

İtaliyanın çoxsaylı nüfuzlu kütləvi informasiya vasitələri də, o cümlədən İl Sole 24 Ore, İl Tempo, Libero Quotidiano, Notizie Tiscali, Quotidiano, Virgilio, Today.it, Corriere dell’Umbria, Corriere di Siena, Corriere di Arezzo, Corriere di Viterbo, Corriere di Rieti və sairləri də Askanews xəbər agentliyinin bu reportajını yayıblar.

Tanınmış Agenzia Nova xəbərlər agentliyi və “Notizie Geoplitiche” analitik-informasiya saytının isə bu video çarx ilə bağlı dərc olunmuş məlumatlarında deyilir: “Azərbaycan həftələrdir ki ağır sanitar fövqəladə vəziyyətə cəsarətlə sinə gələn İtaliya xalqına Bakı Media Mərkəzinin hazırladığı video çarx ilə həmrəylik və yaxınlıq nümayiş etdirir. Video çarx ilə bağlı Azərbaycanın İtaliyadakı Səfirliyinin yaydığı məlumatda bildirilir ki, bu video çarx Azərbaycan və İtaliyanın strateji tərəfdaşlıqla yanaşı, bir-birinə səmimi dostluq telləri ilə bağlandığını nümayiş etdirir və kadrlarda iki ölkənin bayraqlarının birlikdə dalğalanması da bunun simvolik sübutudur”.

“İmola Oggi” qəzetinin “Azərbaycandan İtaliya xalqına təsirli həmrəylik videosu” başlıqlı məlumatında da bu video çarx ilə Azərbaycanın İtaliya xalqına koronavirus epidemiyası ilə bağlı yaranmış çətin vəziyyətdə həmrəylik nümayiş etdirdiyi, “Nessun Dorma” ifa olunan, İtaliyanın məşhur futbol klublarının azarkeşləri olan könüllülərin iştirakı ilə Bakı Media Mərkəzinin hazırladığı bu təsirli videonun sonunda italyanca “Güclü ol, İtaliya, Azərbaycan sizinlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” kəlmələrinin yazıldığı bildirilir.

“Business İnsider İtalia” xəbər saytının video çarx ilə bağlı yaydığı məlumatda isə “Güclü ol, İtaliya, Azərbaycan sizinlədir”: Azərbaycanın İtaliyadakı Səfirliyinin İtaliya xalqı ilə həmrəyliyi nümayiş etdirmək üçün hazırlanmış videoçarxı bu sözlərlə paylaşdığı qeyd olunur.

Dərc olunmuş bütün məlumatlarda Bakı Media Mərkəzinin hazırladığı videoçarx yerləşdirilib.

Video çarx ilə bağlı Bakı Media Mərkəzinin məlumatında bildirilir ki, bu video çarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının, dost İtaliya xalqına dəstəyi ifadə olunur. İzləyicilərə, skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayəti ilə hazırlanan videonun sonunda italyan dilində “ Italiya, güclü ol, Azərbaycan sizinlədir!” , “Evdə qalın!” , “ Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur. Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda Covid-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR