Bakıda ingilis layihəsi tətbiq olunur

Bakıda ingilis layihəsi tətbiq olunur
# 22 fevral 2021 14:16 (UTC +04:00)

Artıq xeyli müddətdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın ”Mott MacDonal” şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin paytaxtın Nərimanov rayonunda icrası uğurla həyata keçirilir. Görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonunun da bu layihəyə qoşulması qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, layihənin tətbiqinə hazırlıqla bağlı Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılıb, bura 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllülər bu işlərə cəlb edilərək hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılır, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılır.

Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmət əməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinin təcrübəsi və Monitorinq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR