Bakıda müəllimlərin vaksinasiyası 10 günə başa çatacaq

Bakıda müəllimlərin vaksinasiyası 10 günə başa çatacaq
# 04 mart 2021 11:17 (UTC +04:00)

"Vaksinasiya prosesinə bizim müəllimlər böyük maraqla qoşulacaqlar. Çünki müəllim heyəti ali savadlı insanlardır. Onlar başa düşürlər ki, ölkədə pandemiyanın qarşısını almaq üçün vaksinasiya ən uğurlu, vacib, zəruri mərhələdir".

Bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, dünyada bütün zaman kəsiklərində virusların qarşısının alınması vaksinasiya ilə mümkün olub: "Ölkənin, cəmiyyətin, insanların sağlam yaşaması, sağlam mühitdə fəaliyyəti üçün dövlət tərəfindən hər bir addım atılır. Ona görə də biz inam və güvənlə bu prosesə qoşuluruq ki, cəmiyyətimiz sağlam həyata qayıda bilsin".

İdarə müdiri deyib ki, martın 3-dən təhsil işçiləri vaksinasiyaya başlayıblar: "Vaksinasiyanın daha səmərəli keçməsi, insanların rahatlığı üçün paytaxtda 10 məktəbdə mərkəz yaradılıb. Hər gün saat 09:00-dan saat 15:00-a qədər mərhələli şəkildə hər gün 120-yə yaxın müəllimin vaksinasiyadan keçməsi üçün imkan yaradılıb. Bu, təhsilin tam şəkildə yenidən əyani prosesi keçməsi üçün zəruridir. Bildiyiniz kimi, təhsil sahəsi kütləvi sahədir. Bu səbəbdən xüsusilə yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiyası keçirilir. Onların sağlamlığı bizim üçün vacibdir. Normal fəaliyyətə qayıtmağımız üçün bu, çox vacibdir. Təxminən 10 günə yəqin ki, təhsil işçilərinin vaksinasiyası başa çatar, çünki bizim təxminən 20 min nəfərlik texniki və pedaqoji heyətimiz var. Onların da 10 məntəqədə vaksinasiyadan keçməsi ilə yəqin ki, 10 günə başa çatar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR