Baş idarə rəisi: “Daha yüksək səviyyədə tam elektron yanaşmalara keçməyimiz nəzərdə tutulur”

Baş idarə rəisi: “Daha yüksək səviyyədə tam elektron yanaşmalara keçməyimiz nəzərdə tutulur”
# 23 dekabr 2020 13:01 (UTC +04:00)

“Pandemiya dövrü hər bir sektora təsir etdiyi kimi miqrasiya proseslərinin intensivləşməsinə də müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq, Dövlət Miqrasiya Xidməti sahibkarların çətin vəziyyətdə, eynilə də ölkədə haqqı ödənilməklə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərlə bağlı bir sıra mühüm addımlar atıb”.

APA-nın məlumatına görə, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə bir sıra özəl sektorlar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb və yaxud müəyyən fasilələrlə fəaliyyət göstərib: “Bu da həm sahibkarların mənfəətinin səviyyəsinə, eyni zaman iş icazəsi əsasında fəaliyyət göstərən əcnəbilərin sayına müəyyən təsir göstərib. Həmin əcnəbilərin ölkədən çıxışına da müəyyən məhdudiyyətlər olub. Ümumiyyətlə beynəlxalq yükdaşımalar istisna olmaqla digər beynəlxalq əlaqələr, yəni sərnişinlərin hərəkəti, miqrasiyası məhdudlaşdırılıb. Bu baxımdan həmin şəxslər ölkə ərazisini tərk edə bilməmələrinə baxmayaraq, onların ölkədə qalmaları üçün hər bir şərait yaradılıb. əgər şəxslər ölkədə müvəqqəti əsaslarla yaşayırlarsa yaşama icazələrinin müddəti uzadılıb, eyni zamanda ölkədə olan əcnəbilərin olma müddəti sərhədlərin açılmasına qədər uzadılması təmin edilib.

Dövlət Miqrasiya Xidməti eyni zamanda sahibkarlığın biznes sektoru ilə təkcə il ərzində bir neçə görüş keçirməsi ilə məhdudlaşdırmır, eyni zamanda DMX nəzdində Məşvərət Şurası yaradılıb. Bu Şuraya ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri təmsil olunublar. Şurada onları maraqlandıran hər bir məsələ geniş müzakirə olunur, iclas protokolları tərtib olunur. Müzakirə nəticəsində qanunvericiliyə müəyyən dəyişikliklər olunur, yaxud da məsələlərin praktiki həllinə nail olunur. DMX-da işəgötürənlər və iş icazələri ilə bağlı qaynar xətt yaradılıb. Hər bir sahibkar, eyni zamanda işəgötürən, yaxud da sahibkar olmaq niyyətindəki şəxslər qaynar xəttə zəng edir və onların şikayətləri qısa müddətdə istər şifahi, istərsə də yazılı formada cavablandırılır”.

Baş İdarənin rəisi deyib ki, COVID-19 infeksiyasının problemləri içərisində müsbət cəhət o olub ki, göstərilən xidmətlər elektronlaşmaya keçib: “Biz elektronlaşmanın mərhələli həllini qarşıya məqsəd qoymuşduq, ancaq məcburiyyət qarşısında qalıb qısa müddət ərzində elektronlaşmaya keçdik. Müraciətlər elektron qaydada qəbul edilib, elektron qaydada da cavablandırılır. Gələcəkdə daha da yüksək səviyyədə tam elektron yanaşmalara keçməyimiz nəzərdə tutulur. Elektron hökumət portalı vasitəsilə bu, daha da təkmilləşdirilir”.

Azərbaycanın Vətən Müharibəsindəki uğurlarından danışan Vahid Qəhrəmanov qeyd edib ki, yaxın gələcəkdə çox güman ki, xarici investorlar da və yerli sahibkarlar işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlar: “Qarşıqlı fəaliyyət nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən də müəyyən xidmətlərin göstərilməsinə ehtiyac yaranacaq. Hesab edirəm ki, həmin xidmətlər də yüksək səviyyədə göstəriləcək”.

Qeyd edək ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR