Beynəlxalq Mina Xəbərdarlığı günü vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən qeyd edilib

Beynəlxalq Mina Xəbərdarlığı günü vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən qeyd edilib
# 04 aprel 2021 17:55 (UTC +04:00)

4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günüdür.

BAMF mətbuat departamentindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq bir qrup vətəndaş cəmiyyəti qurumu təmsilçilərinin iştirakı ilə Tərtər, Ağdam və Füzuli rayonlarında tədbirlər keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İB-nin rəhbəri Məmmədhəsən Həsənov vətəndaşların mina təhlükəsinə dair maarifləndirilməsi məqsədi ilə 03 aprel tarixində Tərtər rayonunun Çaylı, Suqovuşan kəndləri ərazisində və Ağdam rayonunda minalanmış ərazilərə baxış keçirib, ANAMA-nın, UNİCEF və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə hazırladığı maarifləndirici bilbordlar basdırıblar. Vətəndaş cəmiyyəti qurumu təmsilçiləri BAMF-ın Müharibədən və minadan zərərçəkənlər üçün yaradılmış Tərtər Regional Peşə Təlim Mərkəzində qazilərlə, minadanzərərçəkənlərlə görüşərək gələcək perspektivlərlə bağlı müzakirələr aparıb, onların rəy və təkliflərini dinləyiblər. Vətəndaş cəmiyyəti təmsilçiləri onları minalara qarşı mübarizədə daha fəal olmağa, öz imkanlarını bu istiqamətdə səfərbər etməyə çağırıblar.

04 Aprel tarixində Füzuli rayonuna səfər edən vətəndaş cəmiyyəti nümayəndələri, Alxanlı kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar. Daha sonra Füzuli şəhərində eləcə də Alxanlı kəndinin vətəndaşların yaşadığı yerlərə yaxın ərazilərdə mina təhlükə bilbordları basdırılıb.

BAMF prezidenti Umud Mirzəyevin sözlərinə görə sahələrə baxış zamanı ANAMA-nın sahə işçiləri ərazilərin ciddi şəkildə minalarla çirklənməsinə və sahə əməliyyatlarına dair məlumatlar veriblər. Onun sözlərinə görə işğaldan azad edilmiş təhlükəli olan və xarabazarlığa çevrilmiş yaşayış məntəqələri misli görünməmiş dərəcədə minalarla çirkləndirilib. QHT rəhbərləri çirklənmənin forması, minaların sayının çoxluğundan heyrətə gəldiklərini bildiriblər. Vətəndaş cəmiyyəti təmsilçilərinin sözlərinə görə minalarla çirklənmə yerli əhali arasında ciddi şəkildə tələfatlara səbəb olur. Buna görə də maarifləndirmənin olduqca vacib hesab etdiklərini bildiriblər.

Səfər çərçivəsində vətəndaş cəmiyyəti təmsilçiləri Ağdam və Füzuli rayonlarında da Qarabağ qaziləri və minadanzərərçəkənlərlə maarifləndirici görüşlər keçirib, maarifləndirmənin əhəmiyyətinə dair müzakirələr aparıblar.

Qeyd edək ki, bir müddət əvvəl adları qeyd olunan vətəndaş cəmiyyəti qurumları Ermənistan tərəfinin minalı ərazilərin xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edib və onları bu problemin həllində səssiz qalmamağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR