Böhran vəziyyətində olan məhkumlara təcili psixoloji yardım göstəriləcək

Böhran vəziyyətində olan məhkumlara təcili psixoloji yardım göstəriləcək
# 18 avqust 2020 12:30 (UTC +04:00)

Böhran vəziyyətində olan məhkumlara təcili psixoloji yardım göstəriləcək.

APA-nın məlumatına görə, bu, Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunan “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat”da əskini tapıb.

Təlimata əsasən, məhkumlarla aparılan psixoloji yardım iştirakçı sayı və tərkibindən asılı olaraq fərdi və qrup halında, davametmə müddətindən asılı olaraq aşağıdakı formalarda həyata keçiriləcək.

Eyni zamanda ilkin psixoloji dəstək və maarifləndirmə məqsədi ilə birdəfəlik psixoloji yardım işi həyata keçiriləcək.

Təlimata görə, məhkumun psixi sağlamlıq sferasında qeydə alınan problemlərin aradan qaldırılması məqsədilə qısamüddətli (12 məşğələyə qədər) psixoloji yardım, məhkumun psixi sağlamlığında xroniki şəkil almış xasiyyət və davranış problemlərinin aradan qaldırılması məqsədi ilə uzunmüddətli (12 məşğələdən çox) konsultativ sessiyaların keçirilməsi nəzərdə tutulur.

Təlimata əsasən, yeni qəbul olunmuş məhkumlarla tərbiyə və psixoloji yardım işinin göstərilməsi qaydası da məlum olub.

Belə ki, cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar digər məhkumlardan ayrı (karantində) saxlanılan müddət ərzində onların xarakterik xüsusiyyətləri, pedaqoji baxımsızlığının dərəcəsi, təhsil səviyyəsi, habelə sağlamlıq vəziyyəti öyrəniləcək.

Cəzaçəkmə müəssisələrinə yeni qəbul olunmuş məhkumların ilkin psixoloji müayinəsi karantində olarkən həyata keçirilir, onların psixoloji portretləri hazırlanacaq. Psixoloji portretdə məhkumun temperament tipi, aparılan ilkin müşahidənin nəticələri, fərdi söhbət zamanı davranışı, şəxsiyyətə xas xüsusiyyətləri (xarakterin aksentuasiyası, özünüqiymətləndirmə, kommunikativ xüsusiyyətlərini, kollektivdə qarşılıqlı münasibətini, sosial adaptasiya səviyyəsini, intellektual səviyyəsini, təfəkkür xüsusiyyətlərini, təşkilatçılığı, ümumi və xüsusi qabiliyyətlərini), kriminalyönümlü xüsusiyyətləri (iradi özünənəzarəti, emoisonal-psixi stabilliyi, aqressiv tendensiyanın təzahürü, konfliktliliyin növü, impulsivlik dərəcəsi) müəyyən ediləcək.

Karantində saxlanılan məhkumlarla tərbiyə işi aparılarkən kütləvi informasiya vasitələrindən, o cümlədən radio və televiziyadan, kinofilmlərə baxışdan və kitabxanalardan istifadə oluna bilər.

Cəzaçəkmə müəssisəsinin rəisinin əmri əsasında cəzaçəkmə müəssisəsinin rəisi, onun müavinləri, əməliyyat və rejim xidmətlərinin rəisləri, qeydiyyat qurumunun rəisi, tibb-sanitariya hissəsinin rəisi, dəstə rəisləri (təlimatçılar, tərbiyəçilər) və psixoloq daxil olmaqla komissiya yaradılacaq. Komissiya yeni daxil olmuş məhkumları karantində saxlanılan müddətdə ayrı-ayrılıqda qəbul edəcək. Komissiyanın rəyinə əsasən müəssisəsinin rəisinin əmri ilə məhkumlar dəstələrə bölünəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR