Bu gün növbəti buraxılış (qəbul) imtahanı keçirilib - YENİLƏNİB

Bu gün növbəti buraxılış (qəbul) imtahanı keçirilib - YENİLƏNİB
# 30 iyul 2020 15:33 (UTC +04:00)

Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 10 şəhər və rayonda təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 64 imtahan binası, 1107 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 64 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1443 nəzarətçi–müəllim, 128 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi ayrılıb.

30 iyulda keçirilən imtahanlarda 14255 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olunacaq.

***

07:00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

DİM-dən APA-ya verilən məlumata görə, 14255 şagirdin (abituriyentin) iştirak edəcəyi nəzərdə tutulan imtahan saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün imtahan keçiriləcək bölgələr bunlardır:

11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Yasamal (Bakı), Xəzər (Bakı), Gəncə (Nizami), Yevlax;

9-cu sinif üzrə cari ilin məzunları üçün buraxılış imtahanı (tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün): İngilis, fransız bölmələri;

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı: Sabunçu (Bakı), Xətai (Bakı), Abşeron, Göygöl, Samux;

Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: Sabunçu (Bakı), Səbail (Bakı), İngilis, fransız b.

Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün: Gəncə;

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari və əvvəlki illərin məzunları üçün buraxılış (qəbul) imtahanı: Sabunçu (Bakı), Səbail (Bakı), Abşeron.

Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Yasamal (Bakı), Xəzər (Bakı), Gəncə (Nizami), Yevlax.

Qeyd edək ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim edilir, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə verilir. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

Xatırladaq ki, ümumilikdə 29-30 iyulda imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi–müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi ayrılıb.

29-30 iyulda müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 134 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR