Bu il 1000-dən çox şagird Bakı məktəblərini fərqlənmə attestatı ilə bitirib

Bu il 1000-dən çox şagird Bakı məktəblərini fərqlənmə attestatı ilə bitirib
  • Clock-gray 10:58
  • calendar-gray 21 Dekabr 2020

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə 594, tam orta təhsil (XI sinif) səviyyəsi üzrə isə 488 nəfər fərqlənmə attestatı ilə bitirib.

APA-nın məlumatına görə, bu barədə İdarənin ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd edilib ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si  gümüş nişana layiq görülüb.

Bu il Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində də müsbət dinamika müşahidə olunub. Həmçinin 5 məzun buraxılış imtahanlarında, 5 məzun isə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə əldə edərək yaşıdlarından fərqlənib.

BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verib. O, hər iki mərhələnin ümumi nəticələrinə görə, 700 bal toplayıb.

Ölkə Prezidentinin sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.

Günay Elşadqızı

Digər xəbərlər