Bu il dənizdə sintetik torlardan istifadə edən 12 nəfər barədə cinayət işi açılıb

Bu il dənizdə sintetik torlardan istifadə edən 12 nəfər barədə cinayət işi açılıb
# 25 avqust 2020 17:21 (UTC +04:00)

"Balıqçılıqla məşğul olan vətəndaşlar içərisində mövcud qanunlara, qaydalara əməl edən, bunu sivil yolla həyata keçirənlər var. Amma o cümlədən təbiətimizə qənim kəsilən, sintetik torlardan istifadə edənlər də var".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən təkcə bu ilin 7 ayı ərzində 46 min 200 metr sintetik tor su hövzələrindən götürülüb. 60 nəfərə cərimə tətbiq olunub, saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən onlardan 12-si barədə cinayət işi açılıb: "Kiminsə balıq tutmaq üçün gecə yarısı tok aparatından istifadə etməsi məsələsinə gəldikdə isə, nazirlik hər bir su hövzəsinin ətrafına, təbiət ərazisinə öz adamını qoya bilməz ki, hansısa xoşagəlməz hal olanda bunun qarşısını alsın. Yaxud da bizə çoxlu sayda şikayətlər gəlir ki, ağac kəsildi, Nazirlik bilmədi. Əgər o ağac kəsiləndə hansısa vətəndaş bunu görəndə bizə dərhal məlumat verirsə, biz onunla bağlı tədbir görürük. Məlumat özündə ümumi halı əks etdirirsə, konkret şəxslər barədə məlumat yoxdursa, o adamı tapmaq da çətin olur. Müxtəlif icmalarda, kəndlərdə, yaşayış məntəqələrində tokla balıq tutan, qanunsuz vaxtda balıq tutmağa gedən şəxs olarsa, onları yaşadıqları yerin sakinləri daha yaxşı tanıyır. Burada hər zaman dediyimiz ictimai qınaq məsələsi ortaya çıxır. Əgər onlar bilsə ki, bu əməlləri pis qarşılanır, ən azından onların müəyyən bir hissəsi bundan uzaqlaşacaq. Biz bu məsələdə əməkdaşlığa hazırıq, kiminsə əlində sübutu varsa, bunu vaxtında istər Nazirliyin mərkəzi, istərsə də yerli idarələrinə təqdim etmək lazımdır. Biz də bu tədbirlərin qarşısını birgə alaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR