Buraxılış sinif şagirdlərinə aid məlumatların “Şagird-məzun” sisteminə əlavə edilməsində dəyişiklik edilib

Buraxılış sinif şagirdlərinə aid məlumatların “Şagird-məzun” sisteminə əlavə edilməsində dəyişiklik edilib
# 29 dekabr 2020 10:42 (UTC +04:00)

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılmış, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Təhsil Nazirliyi ilə qarşılıqlı razılığa əsasən DİM tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulub:

1. Fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;

2. 01.09.2020-ci il tarixindən sonrakı müddətdə şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə "Şagird-məzun" sisteminə daxil edilməsi mümkün olacaq;

3. Buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR