Bəzi sahələr üzrə inzibati xətaya görə cərimələnənlər elektron qaydada məlumatlandırılacaq

Bəzi sahələr üzrə inzibati xətaya görə cərimələnənlər elektron qaydada məlumatlandırılacaq
# 23 fevral 2021 13:09 (UTC +04:00)

Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalar törətmiş şəxsin inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbehvermə haqqında elektron qərar barədə məlumatlandırılması qaydası müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsi ilə məlumatlandırılacaq.

Barəsində inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilmiş şəxs məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər.

Məlumatlandırma qaydası İnzibati Xətalar Məcəlləsində əksini tapan aşağıdakı hallara tətbiq olunacaq:

- Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə 80 manatdan 100 manatadək məbləğdə cərimə edilir.

- Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

- İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

- Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə görə 80 manatdan 100 manatadək məbləğdə cərimə edilir.

- “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

- İşəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

- İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR