COVID-ə qarşı peyvənd olunmuş həkim: “Vaksin vurulduqdan sonra heç bir problemim olmayıb”

COVID-ə qarşı peyvənd olunmuş həkim: “Vaksin vurulduqdan sonra heç bir problemim olmayıb”
# 12 fevral 2021 17:08 (UTC +04:00)

“Üç həftə əvvəl mənə COVID-19 əleyhinə ilk vaksin vurulub. Vaksin vurulduqdan sonra heç bir problemim olmadı”.

Bunu APA-ya Mərkəzi Neftçilər Xəstəxanasının həkim travmatoloqu Fərhad Hüseynov deyib.

O bildirib ki, vaksindən sonra heç bir əlavə fəsad yaşamayıb: “Normal keçirdim, heç bir dəyişiklik hiss etmədim. Bir həftədən sonra vaksinin ikinci dozası vurulacaq. Koronavirusa yoluxmamışam. İkinci vaksindən sonra antitellərin yoxlanılmasına ehtiyac olsa, yoxlanılacaq. Adətən, yoxlanışa ehtiyac olmur. Özüm də analizə ehtiyac görmürəm, çünki şikayətim yoxdur. Vaksini vurdurmaqdan çəkinməyə ehtiyac yoxdur”.

Həmin xəstəxananın vaksinasiyadan keçən terapevti Xatirə Lütfəliyeva isə qeyd edib ki, yanvarın 25-də peyvənd olunub. O, artıq ikinci doza vaksin vurulacağını bildirib: “Vaksin vurulduqdan sonra üzümdə bir az tərləmə oldu və 1 gün iynənin yeri ağrıdı. Başqa problem olmadı. Peyvənd vurulandan hələ ki, şikayətim olmayıb. Məsləhət görərdim ki, hamı peyvənd vurdursun ki, insanlar bir-birindən narahat olmasın”.

Həkim qeyd edib ki, koronavirusa yoluxmayıb: “Virusa qarşı antitellərin yaranıb-yaranmaması ilə bağlı analiz vermək istəmirəm, çünki ehtiyac duymuram. Amma zərurət olarsa, yoxlanışdan keçəcəm”.

Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. İlk mərhələdə səhiyyə işçiləri peyvənd olunublar. Fevralın 15-dən səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına başlanılacaq.

Azərbaycanda Çin istehsalı olan “Coronavac” vaksinindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR