Coğrafiya İnstitutu: İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün külli miqdarda su ehtiyatları tələb olunur

Coğrafiya İnstitutu: İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı  üçün külli miqdarda su ehtiyatları tələb olunur
# 08 yanvar 2021 16:14 (UTC +04:00)

"Yengicə su anbarını inşa edərkən bir neçə məsələni diqqət mərkəzində saxlamaq vacibdir. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün külli miqdarda su ehtiyatları tələb olunur".

APA-nın xəbərinə görə, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov “Yengicə su anbarının reqional ekoloji durumunun nəzəri olaraq texniki əsaslandırılması” mövzusunda keçirilən onlayn iclasda deyib.

Yengicə su anbarının Vəndam çayının davamı və Kür çayını su ilə təmin edən qollardan biri olan Göyçaya tökülən Qaraçay üzərində tikildiyini diqqətə çatdıran alim su anbarının tikilməsi ilə əlaqədar Göyçayda suyun azalmasının nəticə etibarı ilə Kürün suyun azalmasına səbəb olacağını bildirib. M.İsmayılov Azərbaycanda Kür çayı boyunca uzanan əsas əkinçilik zonalarının suvarılmasında problemlərin yaranmaması, su çatışmazlığından çəkilən əziyyətlərin qarşıdakı illərdə də təkrarlanması üçün Kür çayında axımın, az da olsa, formalaşmasının olduqca vacib olduğunu söyləyib.

O bildirib ki, su anblarının yaradılması artıq suların ilin soyuq dövründə anbarlarda toplanması üçün zəruridir. Lakin qarşıdakı 2-3 il ərzində su çatışmazlığını nəzərə alaraq Kənd Təsürrüfatı Nazirliyi sudan istifadə zamanı yeni suvarılan sahələrin istifadəyə verilməsini məhdudlaşdırmalı, mövcud sahələrin su ilə optimal təmin olunmasına üstünlük verilməlidir: “Yengicə su anbarının tikildiyi ərazi Qanıx-Əyriçay vadisinə düşür ki, bu vadi yeraltı sularla olduqca zəngindir. Çalışmaq lazımdır ki, həmin yeraltı suları kənd təsərrfatı dövriyyəsinə qoşaraq suvarmada istifadə etmək olsun. Bu kimi məsələlər yeni su anbarlarının inşasında nəzərə alınmalıdır".

Ölkə ərazisində su anbarlarının yaradılması ilə əlaqədar prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirdə uyğun nazirlik və müəssisələrin nümayəndələri iştitak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR