DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb

DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb
  • Clock-gray 11:26
  • calendar-gray 29 May 2020

Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının) və Avropa İttifaqının SİGMA proqramı çərçivəsində “Dövlət qulluğunda vəzifələrin təhlili və səriştələrin müəyyən olunması”na dair onlayn təlimlər başlayıb.

DİM-dən APA-ya verilən məlumata görə, təlim onlayn platforma üzərindən ingilis, eləcə də Azərbaycan dillərində təqdim olunur və 28 may, 2-4 iyun tarixlərini əhatə edir.

DİM-in SİGMA ilə əməkdaşlığı nəticəsində dövlət qulluğu sistemində səriştə (kompetensiya) modelinin tətbiqinə dair hesabat xarakterli “İcmal və yol xəritəsi” sənədi hazırlanıb. Təqdim olunmuş sənəddə əksini tapan əsas tövsiyə vəzifələrin təhlili vasitəsilə səriştə modelinin hazırlanmasıdır. Bu məqsədlə DİM tərəfindən vəzifələrin təhlili və səriştə modelinin hazırlanması prosesini əhatə edən ilkin fəaliyyət planı hazırlanıb.

Beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanan fəaliyyət planına əsasən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nə dəstək məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Fəaliyyət planının birinci mərhələsində  DİM əməkdaşları üçün İrlandiya və Belçika təcrübəsi əsasında hazırlanan “Vəzifələrin təhlili və səriştələrin müəyyən olunması”na dair təlimin keçirilməsi nəzərdə tutulur. Təlim onlayn platforma üzərindən ingilis, eləcə də Azərbaycan dillərində təqdim olunur və 28 may, 2-4 iyun tarixlərini əhatə edir. 

Nəzərinizə çatdıraq ki, təlimin ilk günü artıq geridə qalıb və ekspertlər DİM əməkdaşları ilə hazırlanan ilkin fəaliyyət planını, vəzifələrin təhlili və kompetensiya modelinin tətbiqi ilə bağlı sualları müzakirə ediblər. 

Qeyd edək ki, DİM tərəfindən dəstəklənən bu onlayn təlim 2019-cu ilin 3-4 iyun tarixlərində keçirilən “Səriştə əsaslı idarəetmə” adlı təlimin davamıdır. Ötən ilki təlimin keçirilməsində əsas məqsəd yuxarıda adı çəkilən Strategiyanın həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və kompetensiya modeli barədə İrlandiya və Estoniya ekspertlərinin təcrübələrinin öyrənilməsi olub.

Günay Elşadqızı

Digər xəbərlər