DİM və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

DİM və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb
  • Clock-gray 14:50
  • calendar-gray 25 Noyabr 2020

Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) və Türkiyənin Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən DİM sədri M. Abbaszadə qeyd edib ki, mərasim tarixi məqama təsadüf edir. Türkiyə və Azərbaycan arasında tarixən qardaşlıq əlaqələrinin olduğunu deyən M. Abbaszadə Yunus Əmrə İnstitutu və DİM arasında əməkdaşlığın ölkələr arasında münasibətlərin dəstəklənməsinə töhfə verəcəyini bildirib.

DİM-in sədri protokolun əhəmiyyətindən də danışıb: “Protokol DİM-ə Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı, xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərs vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi imkanı yaradacaq”.

Yunus Əmrə İnstitutunun sədri Şərəf Atəş isə Azərbaycanı qələbə münasibəti ilə təbrik edib, bildirib ki, Azərbaycanın qələbəsi Türkiyədə də coşqu ilə qarşılanıb.

O, imzalanan protokoldan söz açıb: “Bu protokol Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana gələn tələbələrin sayını artırmaqla iki ölkə arasında mədəniyyət və təhsil sahəsində əlaqələri gücləndirmək məqsədi daşıyır”.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Azərbaycanla münasibətlərin qardaşlıq münasibətləri olduğunu bildirib: “Dünyanın heç bir ölkəsində belə münasibət yoxdur. Biz eyni mədəniyyəti, keçmişi və gələcəyi paylaşan iki dövlət, bir millətik. Yunus Əmrə İnstitutu Türkiyə türkcəsi kimi Azərbaycan türkcəsini öyrətmək üçün belə protokol imzalayır: “Bu, protokol həmçinin üçüncü ölkələrin vətəndaşlarına yönəlib”.

Səfir Kəlbəcərin işğaldan azad olunması münasibətilə də təbriklərini çatdırıb: “Kəlbəcər belə bir gündə Azərbaycana qayıtdı. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu gün Kəlbəcərin Azərbaycana qayıtmasını qeyd edirik”.

 

Sonda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri, prof. Şərəf Atəş tərəfindən protokol imzalanıb.

Əsmər Qabil

Digər xəbərlər