DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı açıqlanıb

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı açıqlanıb
# 19 mart 2021 13:26 (UTC +04:00)

“DOST mərkəzlərində bu günə qədər 320 minə yaxın vətəndaşa xidmət göstərilib”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki “Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, birbaşa mərkəzlərə gələn vətəndaşların sayıdır: “Eyni zamanda, elektron vasitələrlə də vətəndaşlara xidmət göstəririk. Təxminən 35 mindən çox vətəndaşa elektron xidmətlər göstərilib. DOST mərkəzlərinə gündəlik orta hesabla 1500-2000 vətəndaş müraciət edir. Xidmətlərimizdən məmnunluq səviyyəsi kifayət qədər yüksəkdir, 97 faiz. Qiymətləndirmə üçün bir neçə üsuldan istifadə edilir. Birinci üsul, ani qiymətləndirmə üsuludur. Vətəndaş mərkəzdə planşet formasında cihazdakı qiymətləndirmə meyarlarından birini seçir. Eyni zamanda, Çağrı Mərkəzi və vətəndaşlardan birbaşa bizə daxil olan müraciətlər vasitəsilə qiymətləndirmə işlərini aparırıq”.

F.Məmmədov “142” Çağrı Mərkəzinə düşməklə bağlı yaranan çətinliyə də aydınlıq gətirib. O qeyd edib ki, bu günə qədər 1 milyondan 100 mindən çox vətəndaşa Çağrı Mərkəz vasitəsilə xidmət göstərilib: “Burada Çağrı Mərkəzinin cəmiyyətdə tanınması, vətəndaşların müraciəti müsbət haldır. Amma eyni zamanda, çətinliklərdə mövcuddur, hərdən bizə müraciət və şikayətlər gəlir ki, Çağrı Mərkəzinə düşmək çətin olur. Pandemiyada karantin dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir çox strukturlarında vətəndaş qəbulu dayandırıldı. Bu isə istər-istəməz Çağrı Mərkəzinə axının çoxalmasına gətirib çıxardı. Eyni zamanda, dövlət tərəfindən müxtəlif sosial paketlər formasında dəstək mexanizmləri işə salındı. Həmin dəstək mexazinmlərinin işə salınması da Çağrı Mərkəzinə axını daha da genişləndirdi.

Bu istiqamətdə mütəmadi işlər aparırıq. Çox yaxın zamanda bir neçə istiqamət üzrə işlər apardıq. İlk olaraq, operator sayının artırılması məsələsi ilə bağlı çoxlu işlər aparılır və aparılacaq.Yaxın zamanlarda operator sayını kəskin artıracağıq. Eyni zamanda, zənglərin daxil olması ilə bağlı prosedurlara baxmışıq. Yaxın zamanlarda burada da təkmilləşmə işləri aparılacaq. Üçüncü istiqamət isə infrastruktur məsələsidir, burada xüsusilə proqram təminatını qeyd etmək istəyirəm. Bu istiqamətdə də müəyyən işlər aparırıq. Orada da yeniliklərin tətbiq olunması üzərində işlər gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR