DSMF-nin İdarə Heyətinin sədr və üzvlərini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edəcək

DSMF-nin İdarə Heyətinin sədr və üzvlərini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edəcək
# 30 iyun 2020 16:36 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Fondun idarəetmə orqanı İdarə Heyəti olacaq. İdarə Heyəti Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. İdarə Heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 üzvdən – İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarət olacaq.

Fond və onun əmlakı dövlətin mülkiyyətidir. Fondun nizamnamə fondu 5 milyon manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana əsasən, yeni yaradılan publik hüquqi şəxs - Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir. Ancaq Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə isə publik hüquqi şəxs statuslu Sosial Xidmətlər Agentliyinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR