DSMF sədri: “Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını əhatə edir”

DSMF sədri: “Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını əhatə edir”
  • Clock-gray 19:32
  • calendar-gray 05 Fevral 2021

Dövlət başçısının Fərmanları ilə sosial ödənişlərdə artım bu ilin əvvəlindən davam etdirildi. Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırıldı, Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü (2000 manat) təsis olunub.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93%-ni əhatə edir.

H. Məmişov qeyd edib ki, digər pensiyaçılar xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir. Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Pensiyaların indeksasiya edilərək artırılması üçün aylıq 37 milyon manat olmaqla il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək. Dövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

Günay Elşadqızı

Digər xəbərlər