Nazirlik: Ayı Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılıb - VİDEO - YENİLƏNİB 4

Nazirlik: Ayı Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılıb - VİDEO - YENİLƏNİB 4
  • Clock-gray 13:35
  • calendar-gray 31 May 2020

"Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik və dözümlülük göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib. 

***

13:08

"Artıq Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkidədir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub və preparatın tam təsir göstərməsi gözlənilir. Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək.

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

***

11:30

"Ayı Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq. 

Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman  müşahidə olunur". APA-nın xəbərinə görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O qeyd edib ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir: "Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin.  Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.

***

11:10

"Ən son məlumata görə ayı yuxuya gedib. Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar".

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. 

Onun sözlərinə görə, vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir: "Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin".

***

09:55

Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub: “Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin. Hələ də təhlükə olduğunu nəzərə alaraq, bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar”.

***

09.00

Bu gecə saat 04.00 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkəti müşahidə olunub.

APA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

apa-logo-mini

Digər xəbərlər