ETSN: Son üç ildə meşələrin qanunsuz qırılma həcmi 6 dəfəyə qədər azalıb

ETSN: Son üç ildə meşələrin qanunsuz qırılma həcmi 6 dəfəyə qədər azalıb
# 25 dekabr 2020 17:40 (UTC +04:00)

“Çox təəssüf ki, meşələrin mühafizəsi məsələsində uzun illərdən bəri qalan problemlər var. Bunlar istər kadr ehtiyatı, istərsə də meşələrin idarə edilməsi sahəsindəki boşluqlarla bağlıdır”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, vətəndaşların meşələrə olan etinasız münasibətini də bura aid etmək olar. Çünki əksər halda meşələri qıran vətəndaşları ya qanunvericiliyi bilmir, yaxud da qanunvericiliyi bildiyi halda bu məsələyə etinasız yanaşır və sanksiyalarla üzləşirlər: “Uzun illərdən bəri qalan bir sıra problemlər tam həll olunmasa da, həlli istiqamətində bir sıra irəliləyiş var. Bunu da tez-tez ictimaiyyətlə bölüşürük. 2017-ci ildə 55 min kubmetri ərazidə qanunsuz meşə qırma qeydə alınıb. 2018-ci ildə 28 min kubmetr, 2019-cu ildə 18 min kubmetr, bu il isə ilin yekunlarına görə təqribən 10 min kubmetr sahədə qanunsuz meşə qırma qeydə alınıb. Bu o deməkdir ki, 3 il ərzində meşələrimizin qanunsuz qırılma həcmi 6 dəfəyə qədər azaldılıb. Eyni zamanda meşə sahələrində çalışan əməkdaşların kadr potensialının gücləndirilməsi, öz fəaliyyətini səmərəsiz təşkil edən şəxslərin uzaqlaşdırılması da buna böyük töhfə verir. Etiraf etməliyik ki, əksər halda xüsusilə də regionlarda meşə ərazilərində baş verən meşə qırıntıları bir çox halda meşə mühafizə əməkdaşlarının iştirakı, onların birbaşa fəaliyyəti və ya fəaliyyətsizliyi ucbatından baş verir. Orada işləyənlər hansısa başqa ölkədən gələn şəxslər deyil, həmin regionlarda yaşayan adamlardır. Bu il ərzində bu cür şəxslərlə bağlı çoxlu sayda tədbirlər görülüb. Onların bir hissəsi tutduğu vəzifədən uzaqlaşdırılıb və ya tənbeh tədbirləri görülüb, iş yerləri başqa sahəyə keçirilib. Bunun da effekti özünü göstərir”.

H. Əlizadə qeyd edib ki, Milli Meşə Proqramı hazırlanıb. Bu proqramda meşələrin uzunmüddətli həm bərpası, həm istifadə tədbirləri və digər bir çox vacib məsələlərəksini tapıb. Hazırda Proqram razılaşma prosesindədir: "Gələn ilin əvvələrində həmin Milli Proqram da təsdiq ediləcək və icrasına başlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR