ETSN ermənilərin törətdiyi ekoloji terrorla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

ETSN ermənilərin törətdiyi ekoloji terrorla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
# 16 noyabr 2020 19:44 (UTC +04:00)

Qarabağda və son günlər Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə ayrı-ayrılıqda keçirilən onlayn görüşlərdə Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə zərər dəyməsi, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimizin məqsədli şəkildə məhv edilməsi barədə bir daha xarici təmsilçilər məlumatlandırılıb.

Eyni zamanda, erməni işğalçılarının törətdiyi ekoloji genosidin dayandırılması üçün ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ümumilikdə 31 beynəlxalq təşkilata müraciət ünvanlanıb.

Müraciətlərdə qeyd olunub ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdikləri faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumur.

Qarabağ ərazisində, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Bütün bölgəyə təsir edən və qlobal miqyasda bərpaolunmaz ekoloji nəticələrə səbəb olacaq bu dəhşətli əməllərə təcili reaksiya və ədalətli qiymət verilməsi tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR