Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi zamanı 307 ağac köçürüləcək

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi zamanı 307 ağac köçürüləcək
# 13 dekabr 2019 17:50 (UTC +04:00)

Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə bir sıra layihələrin icrası zamanı ekoloji təsirlərin əvvəlcədən müəyyənləşdirilməsi, əhalinin məlumatlandırılması və ekoloji tarazlığın bərpası istiqamətində yerinə yetiriləcək işlər barədə müzakirələr aparılıb. Layihə icraçılarının, ictimaiyyət və QHT nümayəndələrinin, aidiyyəti mütəxəssislərin iştirak etdiyi dinləmələrdə ETSN mütəxəssisləri hər bir layihənin ətraf mühitə təsirlərini və onların kompensasiyası mexanizmlərini açıqlayıb, layihə icraçılarının məsuliyyət yükü barədə ictimaiyyəti məlumatlandırıblar.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov hazırda respublikada icra olunan regional və yerli əhəmiyyətli layihələr barədə məlumat verib, o cümlədən inşasına yenicə start verilmiş Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi istiqamətində genişləndirilməsi nəzərdə tutulmuş layihə barədə ətraflı məlumat verib. O bildirib ki, adıçəkilən layihə çərçivəsində 500 metrlik ərazidə olan 307 ağac və 203 kol müvafiq aqrotexniki qaydada digər ərazilərə köçürüləcək: “Köçürülməsi mümkün olmayan ağacların əvəzinə yeniləri əkiləcək. Sonrakı prosesdə vacib məqamlardan biri də aqrotexniki qaydalara əməl edilməsidir. Ağacların köçürülməsi zamanı ekspertizanın rəyinə uyğun olaraq köçürülmə prosesi təmin edilməlidir. Sonradan həmin ağaclara mütləq şəkildə aqrotexniki xidmət göstərilməlidir. Köçürülmə prosesi nazirliyin əməkdaşlarının iştirakı ilə həyata keçirilir”.

Nazirlik rəsmisi eyni zamanda Bakıda tikinti obyektlərinin sahiblərinə də müraciət edib: ““Pilot” layihələr çərçivəsində Bakı şəhərində istismar müddəti başa çatmış binaların sökülərək yerində yeni yaşayış binalarının tikintisi zamanı sahibkarların bizə təqdim etdiyi bir çox layihələr geri qaytarılır. Buna səbəb həmin ərazilərdə yaşıllıq sahələrinin nəzərdə tutulmamasıdır. Qanunvericiliyə əsasən, tikinti üçün ayrılan ərazilərin 25 faizi yaşıllıq sahəsi olmalıdır”.

Tədbir iştirakçıları çıxış edərək, ekoloji məsələlərin həllinə dair təkliflər verib, belə tədbirlərin əhalinin ekoloji maarifləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, vaxtaşırı keçirilməsinin zəruriliyini bildiriblər. Bakı şəhərində pilot layihələr əsasında tikinti işləri aparan iş adamları həyata keçirdikləri layihələrin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş layihələr olduğunu qeyd edərək, layihə ərazilərinə düşən yaşıllıqların mövsümi amillər nəzərə alınmaqla, ekoloji tələblərə müvafiq qaydada götürülməsi üçün zəruri tədbirlərin görülməsini xahiş ediblər. Qeyd edək ki, dinləmələr zamanı həmçinin icrası davam etdirilən Bakı-Rusiya Federasiyası dövlət sərhədinədək yeni avtomobil yolunun tikintisi, Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması, rayon mərkəzləri və şəhərlərdə su kanalizasiya sistemlərinin yenidən qurulması, məktəblərin, səhiyyə obyektlərinin yenidən qurulması və genişləndirilməsi, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi istiqamətində genişləndirilməsi layihələri haqqında müzakirələr aparılıb.

İctimai dinləmədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın qurulmasında şəffaf icazə və rəy sisteminin yaradılmasında Nazirliyin maraqlı olduğu bildirilib.

Sonra tədbirdə müraciətlər, təkliflər dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR