Ekspertlərə ixtisas attestatının verilməsi qaydası müəyyənləşib

Ekspertlərə ixtisas attestatının verilməsi qaydası müəyyənləşib
# 30 iyul 2020 17:46 (UTC +04:00)

Nazirlər Kabineti "İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna əsasən hazırlanıb və informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırıl- ması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətlə bağlı məsələləri tənzimləyir.

İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Təsdiq edilən qaydalarla ekspertlərə ixtisas attestatının verilməsi qaydası müəyyən edilib.

Eyni zamanda müraciətə əlavə ediləcək sənədlər məlum olub.

Bunlar aşağıdakılardır:

- ekspert təşkilatının vəsatəti;

- ekspertizanı keçirmək istəyən şəxsin ərizəsi;

- ekspertizanı keçirmək istəyən şəxsin (bundan sonra – namizəd) şəxsiyyətini təsdiq edən sənədin surəti;

- ekspert təşkilatı ilə namizəd arasında bağlanılmış əmək müqaviləsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya siste- minin “əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış;

- müvafiq sahə üzrə ali təhsil haqqında diplomun surəti;

- ixtisas üzrə iş stajını təsdiq edən əmək kitabçasının surəti;

-məhkumluq barədə arayış;

- ekspert təşkilatının VÖEN-i.

Təqdim edilmiş sənədlərə Komitə tərəfindən 10 (on) iş günü müddətində baxılaraq, namizədin müsabiqəyə buraxılması haqqında qərar qəbul edilir və sifarişli poçt bildirişi ilə və ya elektron qaydada ekspert təşkilatına göndərilir.

Müraciət bu Qaydalarda nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, Komitə müraciətdə həmin tələblərə uyğun düzəlişlərin edilməsi üçün 3 (üç) iş günü müddətində yazılı şəkildə ekspert təşkilatını məlumatlandırır. Ekspert təşkilatı 7 (yeddi) iş günü müddətində tələblərə uyğun olaraq sənədlərin təqdim olunmasını təmin etməlidir. Bu zaman bu Qaydalarda nəzərdə tutulmuş müddətin axımı dayandırılır.

Ekspert təşkilatı tərəfindən bu Qaydalarda göstərilən çatışmazlıqlar aradan qaldırılmadıqda, namizədin müsabiqəyə buraxılmasından imtina olunması barədə qərar qəbul edilir və 3 (üç) iş günü müddətində bu barədə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada ekspert təşkilatına məlumat göndərilir. Bu qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertin bu Qaydalarda göstərilən sahələr və uşaqların zərərli informasiyadan qorunması barədə Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində bilik səviyyəsinin müəyyən edilməsi Komitə tərəfindən müsabiqə üsulu ilə həyata keçirilir.

Müsabiqənin keçirilməsi məqsədilə Komitədə 7 (yeddi) nəfərdən ibarət Müsabiqə Komissiyası yaradılır. Komissiyanın tərkibi sədr, sədrin müavini və digər üzvlərdən ibarət olmaqla, Komitə tərəfindən təsdiq edilir.

Komissiya üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən Komissiyanın tərkibinə daxil edilə bilərlər.

Komissiyanın işinə bu Qaydalarda göstərilən sahələr üzrə mütəxəssislər cəlb edilə bilərlər.

Komissiyanın iclasının vaxtı və yeri barədə məsul katib tərəfindən Komissiya üzvlərinə əvvəlcədən məlumat verilir.

Sədr olmadıqda, Komissiyanın iclasına sədrin müavini, o olmadıqda isə Komissiyanın üzvlərindən biri sədrlik edir.

Komissiya üzvlərindən üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Baxılan məsələ üzrə qərar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir.

Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Test imtahanının keçirildiyi vaxt və yer barədə məlumat 3 (üç) gün əvvəl Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və namizədlərə sifarişli poçt bildirişi və ya elektron qaydada göndərilir.

İmtahan suallarının hazırlanmasında əvvəlcədən elan olunmuş müsabiqə proqramında göstərilən ədəbiyyat və normativ hüquqi aktlardan istifadə olunur. Müsabiqə proqramı Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.

İmtahan sualları toplusunun hazırlanmasına Komitənin əməkdaşları və pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahələri üzrə mütəxəssislər cəlb olunurlar.

Suallar toplusu Komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır. Komissiya, həmçinin imtahan suallarına düzgün cavabların siyahısını hazırlayır və onun konfidensiallığını təmin edir.

Test imtahanı 30 (otuz) sualdan ibarət olur. Test imtahanı 1 (bir) saat müddətində fasilə verilmədən keçirilir.

Test imtahanında hər düz cavab 1 (bir) balla qiymətləndirilir. Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması “0” bala bərabərdir.

Test imtahanında 25 (iyirmi beş) və daha çox bal toplamış namizədlər müsabiqədə iştiraklarını davam etdirirlər. Keçid balını toplaya bilməyən şəxslərin müsabiqədə iştirakı dayandırılır.

Komissiyada test imtahanının nəticələrinə baxıldıqdan sonra müsahibənin keçirilməsi barədə qərar verilir.

Test imtahanının nəticələri həmin gün Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və test imtahanında iştirak etmiş namizədlərə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada göndərilir.

Test imtahanından narazı qalan namizəd bu barədə 2 (iki) iş günü müddətində Komitəyə şikayət vermək hüququna malikdir.

Test imtahanının nəticələrinə dair qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müsahibənin keçirildiyi vaxt və yer barədə məlumat Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada göndərilir.

Komissiyanın hər bir üzvü müsahibədə iştirak edən şəxsi bilik səviyyəsi (namizədin müsabiqə proqramı üzrə bilikləri) və peşə hazırlığı (namizədin nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı) meyarlarına əsasən qiymətləndirir.

Namizədlərlə müsahibə fərdi qaydada aparılır və 20 dəqiqəyədək davam edir.

Bu Qaydalarda nəzərdə tutulan meyarlar üçün ən yüksək bal 5 (beş), ən aşağı bal isə 2 (iki) baldır. Komissiya üzvlərinin verdiyi ballar toplanır və müsahibədə iştirak edən Komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir.

Müsahibənin nəticəsi üzrə 4 (dörd) və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Müsabiqə başa çatdıqdan sonra müsbət nəticə əldə etmiş şəxslərin siyahısı Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və bu barədə məlumat həmin şəxslərə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada göndərilir.

Komissiya 1(bir) iş günü müddətində müsabiqənin nəticələrinə görə ixtisas attestatının verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir.

İxtisas attestatının verilməsi barədə qərar onun qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müsbət nəticə əldə etmiş şəxslərə və onların işlədiyi ekspert təşkilatının rəhbərinə və ya nümayəndəsinə təqdim edilir və yaxud sifarişli poçt bildirişi vasitəsilə göndərilir. Qərara ixtisas attestatı əlavə olunur.

İxtisas attestatı Komitənin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir, ekspertlərin, ekspert təşkilatlarının reyestrində qeydiyyata alınır.

İxtisas attestatında ixtisas attestatını verən qurumun adı; ixtisas attestatı verilən ekspertin adı, soyadı və atasının adı; ekspertin işlədiyi ekspert təşkilatının adı; ekspertin ekspertizasını aparmaq hüququ olduğu informasiya məhsulunun növü; ixtisas attestatının nömrəsi, verilmə tarixi və qüvvədəolma müddəti qeyd olunmalıdır.

İxtisas attestatının verilməsindən imtina barədə qərar qəbul edildiyi halda, Komitə həmin qərarın qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində, imtinanın səbəbləri göstərilməklə namizədə və onun işlədiyi ekspert təşkilatına bu barədə elektron və ya sifarişli poçt bildirişi vasitəsilə məlumat verir.

Ekspert təşkilatı ixtisas attestatının verilməsindən imtina barədə qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verə bilər.

İxtisas attestatı verilmiş ekspertin attestatda qeyd edilmiş məlumatlarında hər hansı dəyişiklik baş verdiyi halda, o, bu barədə məlumat verməli və ixtisas attestatı dəyişdirilməlidir.

İxtisas attestatının dəyişdirilməsi üçün ekspert təşkilatı Komitəyə ixtisas attestatının dəyişdirilməsi barədə ərizəni, qüvvədə olan ixtisas attestatının əslini və bu Qaydalarda göstərilən dəyişiklikləri təsdiq edən sənədi təqdim etməlidir.

Qaydalara əsasən, ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması və ona xitam verilməsi qaydası və ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət qaydası da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR