Eldar Əzizov: "Şanlı Qələbə dahi intellektin nəticəsidir"

Eldar Əzizov: "Şanlı Qələbə dahi intellektin nəticəsidir"
# 30 mart 2021 14:37 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vurulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Bakı ŞİH-də təşkil edilən elmi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, təhsil nazirinin müavini Firidun Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, müsabiqənin Bakı şəhər turunun qalibləri seçilmiş şagirdlər iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, uzun illərdir ki, erməni millətçiləri azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı soyqırımı siyasəti aparıblar: “Əgər 2 əsr əvvəl İrəvan xanlığının 70 faizi, Zəngəzurun böyük hissəsi azərbaycanlılardan ibarət idisə, indi həmin torpaqlarda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu siyasətin davamı olaraq ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizi işğal edilib.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və bu iqtisadi baza üzərində güclü ordu yaradılıb. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edilib. Bunun nəticəsində müharibədə şanlı Qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə son əsrlərdə Azərbaycanın ilk hərbi qələbəsidir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət fenomenini bir daha sübut edir”.

Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 33 nəfər şagird Bakı şəhər mərhələsinə iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.

Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR