Elektron nəzarət vasitəsindən istifadə edən şəxslərin izlənilməsində problem yarandıqda görüləcək işlər məlum olub

Elektron nəzarət vasitəsindən istifadə edən şəxslərin izlənilməsində problem yarandıqda görüləcək işlər məlum olub
# 03 fevral 2021 16:59 (UTC +04:00)

Elektron nəzarət vasitəsindən istifadə edən şəxslərin izlənilməsi monitorinq mərkəzinin dispetçerləri tərəfindən həyata keçiriləcək və izləmə real vaxt rejimində aparılacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.

Qaydaya əsasən, icra məmuru (probasiya üzrə) nəzarət subyektlərinin izləmə məlumatlarını yerli probasiya qurumunda quraşdırılmış işçi stansiyalar vasitəsilə real vaxt rejimində tam həcmdə əldə edir. Onlayn rejimdə izləmə və baş çəkmə nəticəsində izləməni mümkünsüz edən hər hansı bir problem aşkar olunmadıqda, nəzarət avtomatlaşdırılmış rejimdə davam edir.

Avtomatlaşdırılmış izləmə rejimində daxil olan izləmə məlumatları proqram təminatı tərəfindən fasiləsiz təhlil edilir və yalnız pozuntu aşkar edildikdə, bu barədə pozuntunun təfərrüatlı təsviri ilə dispetçerə xəbərdarlıq siqnalı daxil olur və pozuntuya yol verən nəzarət subyektinin izləmə məlumatları vizuallaşdırılır.

Elektron nəzarət vasitəsinin nəzarət subyektinin üzərində olmasını yoxlamaq məqsədilə monitorinq mərkəzinin dispetçeri həmin cihaza əl-barmaq izinin təsdiqlənməsi ilə bağlı sorğu göndərir. Şəxslərdən əl-barmaq izinin təsdiqlənməsi ilə əlaqədar daxil olmuş məlumat yanlış olduqda və yaxud ictimai işlər təyin edildiyi yerdə olması təsdiq edilmədikdə, monitorinq mərkəzinin dispetçeri nəzarət subyekti ilə əlaqə yaratmağa cəhd edir və bu barədə icra məmuruna (probasiya üzrə) məlumat verir.

Pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat daxil olmadığı halda dispetçer göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri həyata keçirir:

- baş verən hadisə, habelə onun aradan qaldırılması üçün görülməli olan işlər barədə nəzarət subyektinə telefon vasitəsilə məlumat verməyə cəhd göstərir;

- pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat daxil olmadıqda, bu hal 15 dəqiqə ərzində aradan qaldırılmadıqda və ya nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda, məsul icra məmuruna (probasiya üzrə) bu barədə məlumat verir və elektron sistem vasitəsilə onun aradan qaldırılması məqsədilə görülən işləri əhatə edən hesabatı müvafiq işçi stansiyalara ötürür.

Pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat daxil olmadığı halda məsul icra məmuru (probasiya üzrə) göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri həyata keçirir:

- hadisə barədə məlumatı aldıqdan dərhal sonra nəzarət subyekti və ya işəgötürən ilə telefon vasitəsilə əlaqə saxlamağa cəhd göstərir;

- nəzarət subyekti və ya işəgötürən ilə əlaqə saxladığı təqdirdə, hadisənin aradan qaldırılması və izləmənin normal rejimdə davam etdirilməsi üçün tədbirlər görür;

- hadisənin səbəblərini öyrənərək, bu barədə məlumatı və hadisənin üzrlü səbəbdən baş verməsini sübut edən sənədlər olduqda isə, həmçinin onların skan versiyasını Azərbaycan 8 Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə daxil edir;

- nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda, onun yerinin müəyyən edilməsi və ya axtarışı üzrə tədbirləri həyata keçirir;

- yol verilmiş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş tədbirləri görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR