Elgün Səfərov BMT-nin Komitəsinə sədr müavini seçilib

Elgün Səfərov BMT-nin Komitəsinə sədr müavini seçilib
  • Clock-gray 11:42
  • calendar-gray 16 Fevral 2021

Azərbaycan tarixində ilk dəfə ölkənin beynəlxalq hüquq üzrə eksperti BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini vəzifəsinə seçilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkədə bütün sahələri əhatə edir.

Qeyd olunub ki, son 20 il ərzində hökumət tərəfindən ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq hüquq və humanitar prinsiplərin implementasiyası, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizə, uşaq və qadın hüquqlarının müdafiəsi, uşaq nikahlarının qarşısının alınması, insan kapitalının formalaşdırılmasında və digər sahələr üzrə davamlı tədbirlər həyata keçirilmişdir. Ölkənin maraqlarının beynəlxalq qurumlarda nəzərə alınması, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və beynəlxalq hüquq üzrə ekspertlərinin hazırlanması məqsədilə davamlı tədbirlər görülür.

Beləliklə də, 15 fevral 2021-ci il tarixində hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib Qeyd etmək istəyirik ki, Elgün Səfərov 18 ilə yaxın insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkəni təmsil edir. Ekspert uzun illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər)  fəaliyyətində iştirak edib. E.Səfərov Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar huquq və digər fənnləri tədris edib. Ekspertin ingilis, rus və azərbaycan dilində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.

 

 

Əsmər Qabil

Digər xəbərlər