Epidemiyalar zamanı ixrac həyata keçirilmədikdə istehsalçı və ixracatçıya əlavə möhlət veriləcək

Epidemiyalar zamanı ixrac həyata keçirilmədikdə istehsalçı və  ixracatçıya əlavə möhlət veriləcək
# 16 noyabr 2020 13:52 (UTC +04:00)

İxrac qeydi ilə satış həyata keçirən istehsalçıya və ixracatçıya dair tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, ixrac qeydi ilə satış həyata keçirən istehsalçıya dair tələblər aşağıdakılardır:

- ixrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;

- ixrac qeydi ilə satılmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq 3 öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.

Eyni zamanda qərara əsasən, ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər də müəyyənləşib.

Bunlar aşağıdakılardır:

- ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;

- ixrac qeydi ilə alınmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

Bu qaydanın 5.3-cü bəndinə əsasən, “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti qeyd ediləcək, 5.4-cü bəndinə əsasən, təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda 3 (üç) ay müddətinə ixrac həyata keçirilmədikdə, həmin müddət başa çatdıqdan sonra 15 (on beş) gün müddətində ixracatçının ərizəsi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 (üç) ayadək əlavə möhlət veriləcək. Əlavə möhlət müddəti bu Qayda ilə müəyyən edilmiş inzibati icraat prosedurundan asılı olmayaraq, bu Qaydanın 5.3-cü bəndi ilə müəyyən edilmiş müddətin bitdiyi tarixdən etibarən 3 (üç) ay müddətinə məhdudlaşdırılacaq.

Qeyd edək ki, bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR