FHN Akademiyası ilə Texniki Universitet əməkdaşlıq edəcək

FHN Akademiyası ilə Texniki Universitet əməkdaşlıq edəcək
# 05 mart 2021 15:57 (UTC +04:00)

4 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qonaqları səmimi salamlayan Akademiya rəisinin birinci müavini polkovnik-leytenant Qəzənfər Bağırov ali təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Akademiya Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada həm respublikamızın, həm xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan Texniki Universiteti kimi çoxillik təcrübəyə malik elm və təhsil ocağı ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır.

Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunub. Fənn kabinetləri, auditoriyalar və laboratoriyalar hər cür zəruri avadanlıqlarla təchiz edilib, xilasetmə, tibbi hazırlıq, dalğıc, alpinist hazırlığı və digər sahələr üzrə xüsusi tədris kabinetləri, elektronika və elektrotexnika, materialşünaslıq, kimya, informatika və s. fənn laboratoriyaları fəaliyyət göstərir. Bütün bunlar tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar açır.

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev səmimi görüşə görə minnətdarlığını bildirib. FHN Akademiyası ilə əməkdaşlıqdan məmnunluq ifadə edən rektor hər iki təhsil müəssisəsi arasında möhkəm əlaqələrin vacibliyini vurğulayıb.

Akademiyanın fənn kabinetləri və zəngin kitabxanasına baş çəkən qonaqlar, həmçinin ali təhsil ocağının maddi-texniki bazası ilə, eyni zamanda Heydər Əliyev Mərkəzi və tədris ocağının 10 illik fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.

Sonda hər iki ali təhsil müəssisəsi arasında elm və təhsil sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR