FHN Gürcüstanla sərhəddə qəbul-çeşidləmə məntəqəsi qurub - VİDEO REPORTAJ

FHN Gürcüstanla sərhəddə qəbul-çeşidləmə məntəqəsi qurub - VİDEO REPORTAJ
# 24 mart 2020 22:44 (UTC +04:00)

Azərbaycan ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Gürcüstanla sərhəddə, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub.

APA TV-nin qərb bürosunun xəbərinə görə, çadır şəhərciyi formasında qurulan məntəqələr fasiləsiz olaraq vətəndaşlara xidmət edir.

Burada FHN-in tibbi briqadaları fəaliyyət göstərir. Məntəqələr bütün zəruri tibbi avadanlıqlarla təchiz edilib. Sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə edilir. Hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyə edilir. Şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin olunur.

Qəbul-çeşidləmə məntəqəsində 60 çadır olmaqla eyni vaxtda 300 nəfərin qalmasına şərait var. Məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və digər sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandığı halda, çadırların sayı qısa müddətdə artırıla bilər.

“Qırmızı körpü” sərhəd-keçid məntəqəsində hər iki ölkə ərazisində qalan vətəndaşların təxliyəsi və yaşıl dəhliz vasitəsilə yük avtomobillərinin hərəkəti də təmin edilir.

Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır. Hər iki ölkə vətəndaşlarının vətənə qayıtmasına şərait yaradılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR