FHN-in Həmkarlar İttifaqı 8 mart münasibətilə tədbir keçirib

FHN-in Həmkarlar İttifaqı 8 mart münasibətilə tədbir keçirib
# 05 mart 2021 16:39 (UTC +04:00)

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı tərəfindən videokonfrans formatında tədbir keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, videokonfransı açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Nazirliyin qadın əməkdaşlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb. M.İsmayılov Azərbaycan xanımlarının həmişə sədaqət, həya, təmkin, ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olduğunu bildirib.

Natiq çıxışı zamanı xalqımızın çoxminillik tarixində qəhrəman Azərbaycan qadınının roluna toxunaraq qeyd edib ki, “Azərbaycan qadını tarixin bütün dövrlərində qəhrəman övladlar yetişdirməklə, onlarda Vətənə sevgi və sədaqət hislərini aşılayıb. 44 günlük Vətən Müharibəsində Azərbaycan qadını öz qəhrəmanlıq missiyasını yenə də nümayiş etdirdi. Böyütdüyü övladını Vətənin dar günündə cəbhəyə şərəflə yola saldığının şahidi olduq. Şəhid və qazi anası olaraq bu ağır gündə öz mətin və vüqarlığını nümayiş etdirdi”.

Mehman İsmayılov bildirib ki, Vətən müharibəsində ordumuz onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gələrək, işğal edilmiş torpaqlarımızı qısa müddətdə azad etdi. Qəhrəman Azərbaycan analarının xeyir-duası ilə igid əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında düşməni məğlub edərək, şəhidlərimizin qanını yerdə qoymadı, düşməndən intiqamımızı döyüş meydanında aldı. O da vurğulanıb ki, bu gün dövlətimiz şəhid ailələri, müharibə əlilləri və qazilər üçün lazımi diqqət və qayğı göstərir. Təsadüfi deyil ki, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda və digər şəhər və rayonlarımızda yeni mənzillər təqdim edilir, onların sosial problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirilir.

Videkonfransda Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənildiyini xatırladan Mehman İsmayılov müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını deyib. Bildirilib ki, “Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim tarixi ənənələrimizlə, həm də həyata keçirilən dövlət qadın siyasəti ilə və onlara yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətini görürlər. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.

Sonda Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin qadın sədrləri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR