FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin vəzifələri artırılıb

FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin vəzifələri artırılıb
# 08 aprel 2020 15:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

İndiyə qədər Dövlət Agentliyi öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə dövlət standartlarının, tikinti norma və qaydalarının, əməyin mühafizəsi qaydalarının, normativ hüquqi, metodiki və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak edə bilərdi. Dəyişikliyə əsasən, bu sahədə Dövlət Agentliyi nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlayan yeganə əsas səlahiyyətli orqan olacaq, eyni zamanda bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak edəcək.

İndiyə qədər Dövlət Agentliyinin öz səlahiyyətləri daxilində ölkədə fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılması barədə qərar qəbul etmək hüququ olub. Dəyişikliyə əsasən, bu sahədə qanunvericilik “Fövqəladə vəziyyət haqqında” qanunla məhdudlaşdırılır. Başqa sözlə, Dövlət Agentliyinin öz səlahiyyətləri daxilində ölkədə fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin “Fövqəladə vəziyyət haqqında” qanunda müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılması barədə qərar qəbul etmək hüququ olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR