Fəlsəfə doktoru proqramlarını bitirənlərin 16, elmlər doktoru proqramlarını bitirənlərin isə 14 faizi dissertasiya müdafiə edə bilib

Fəlsəfə doktoru proqramlarını bitirənlərin 16,  elmlər doktoru proqramlarını bitirənlərin isə 14 faizi dissertasiya müdafiə edə bilib
# 03 dekabr 2019 12:43 (UTC +04:00)

"Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin prioritet istiqamətləri artıq müəyyən edilib. Siyahıda təbiət, kənd təsərrüfatı, səhiyyə və rifah, iqtisadiyyat və idarəetmə, humanitar və sosial istiqamətlər yer alıb".

APA-nın məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, 2020-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə elan artıq verilib. Nazir bildirib ki, 2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində də bu komponent nəzərə alınıb, 1538 nəfər magistratura, 575 nəfər rezidentura, 173 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb: "Bu da bütün Proqram təqaüdçülərinin 64%-ni təşkil edib. Əminəm ki, dünyanın aparıcı universitetlərində təhsil alan həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhfələr verəcəklər".

Nazir qeyd edib ki, 2018-ci ildə Azərbaycanda fəlsəfə doktoru və elmlər doktorlarının hazırlanmasını həyata keçirən müəssisələrin sayı müvafiq olaraq 119 və 89 olub: "Hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2626 nəfər təhsil alır. Fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların isə 51 faizi ali məktəblərin payına düşür. 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665, elmlər doktoru proqramlarına 165 nəfər qəbul olunub. Həmin ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı müvafiq olaraq 605 və 87 nəfər olub. Təəssüf doğuran odur ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 16 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə 14 faizi dissertasiya müdafiə edə bilib. Bu məsələ bizi ciddi düşündürməlidir. Hesab edirik ki, son zamanlar qəbul olunan mühüm qərarlar bu sahədə ciddi irəliləyişin yaranmasına imkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR