Fuad Muradov: “Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır”

Fuad Muradov: “Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır”
  • Clock-gray 14:21
  • calendar-gray 09 Aprel 2020

“Yüksəliş” müsabiqəsi işinə başlayan gündən sistemli və məqsədli iş prinsipi ilə  həm dövlət, həm özəl strukturların etimadını qazanıb. Bir çox qurumların mötəbər adamları, rəhbərləri bu layihə ətrafında birləşərək ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımlar atıblar. Bununla da “Yüksəliş” müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərləri (https://yukselish.az/mentors.html) bir heyətdə toplamağı bacardı. Onlar  peşəkar rəylərini, tövsiyələrini hər fürsətdə dilə gətirir, təcrübələrini bölüşürlər. APA-nın xəbərinə görə, bu dəfə idarəçilikdə peşəkarlığın təməl şərtlərini səciyyələndirən meyarlarla bağlı sualları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cavablandırıb. 

-  Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçi ilk növbədə dövlətini sevən və müstəqil dövlətinin təbliğatçısı olan şəxsdir. Bir rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır. Uğurlu idarəçi kollektiv ilə işləməyi, rahat bir iş mühiti yaratmağı bacarmalıdır. 

Uğurlu idarəçinin mühüm cəhətlərindən biri odur ki, o ən çətin dövrlərdə, yüksək nəticə əldə olunmadığı bir məqamda  belə, işçinin arxasında dura bilsin, onları dinləyə bilsin. Uğurlu idarəçi yüksək biliyə sahib olmalı, hər bir işçiyə gördüyü işin nəyə xidmət etdiyini anlada bilməlidir. O, müzakirə və tənqidlərə açıq olmalı, dəqiq, aydın düşüncəyə malik olmalıdır. Uğurlu idarəçi liderlik qabiliyyətinə sahib olmalı, biliyini paylaşmaqdan çəkinməməlidir. Həmçinin idarə etdiyi sahənin keçmişindən dərs çıxararaq, bu günü və gələcəyi kontrol etməyi bacarmalı, riskləri və böhranları düzgün idarə etməlidir.

-  İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz? 

- İdarəçi olmaq istəyən şəxslər ilk növbədə dövlətə və dövlətçiliyə sədaqətli olmalı, Azərbaycanın maraqlarını müdafiə etməlidir. Bunun davamında isə bildirmək istərdim ki, özünüzü daim komandanızın bir üzvü hesab edin, işçilərə təlimat deyil, işə yarayacaq fikirlər verin. İşçilərin iş vaxtı da özlərinə zaman ayırmalarına şərait yaradın. İnsanlara karyerasında irəliləyən zaman mane olmayın, əksinə meydan verin. Hər gün yeni şeylər öyrənin, yeni dünya ilə ayaqlaşın,  sosial aktivliklərdən qaçmayın, kitablarla və gündəlik informasiyalarla dost olun. İşinizi sevin, dəyişməkdən qorxmayın, inkişaf edin və hər zaman yaxşı nümunə olmağa çalışın.

- Yüksəliş müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- Müasir idarəçilik tamamilə yeni anlayışdır. “Yüksəliş” müsabiqəsinin bu sistemə uyğun insanların seçilməsində və dövlət idarəçiliyində öz layiqli yerlərini tutmasında əvəzsiz rol oynayacağına inanıram, həmçinin xaricdə təhsil  alan, müəyyən təcrübəsi olan şəxslərimizin də müsabiqədə iştirak etməklə dövlətimizə böyük faydalar verəcəyi şübhəsizdir. İnanıram ki, strateji düşünən, gələcəyi görən gənclərimiz məhz “Yüksəliş” müsabiqəsinin nəticəsində öz bilik və bacarığını tətbiq etmək imkanı qazanacaqlar. Müsabiqə həm də xaricdə yaşayan azərbaycanlı gənclərin öz vətəninə böyük faydalar verməsinə imkan yaradacaq, onlar da kadr ehtiyatı bankında öz layiqli yerlərini tutacaqlar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date