"Gencesehidleri.az" saytının təqdimatı olub

"Gencesehidleri.az" saytının təqdimatı olub
# 17 mart 2021 13:58 (UTC +04:00)

Gəncədə "Gencesehidleri.az" saytının təqdimatı olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət vəkili Naqif Həmzəyev, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu bildirib. O, qeyd edib ki, şəhid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Canını Vətən uğrunda qurban verən igid oğullarımızın xatirəsinin yaşadılması və onların tanıdılması isə hər bir azərbaycanlının borcudur. Bu baxımdan yeni yaradılan sayt Azərbaycanda bir ilk olaraq, xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra "Gencesehidleri.az" saytı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, sayt Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanıb. Layihənin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yaşatmaqla, onları tanıtmaqdır. Sayt Gəncənin I Qarabağ Müharibəsi, Vətən Müharibəsi, mülki və digər şəhidləri barədə məlumatları vahid platformada toplayır. Burada ümumilikdə 600-ə yaxın şəhid barədə məlumat yerləşdirilib.

Saytda “Layihə haqqında”, “Tariximiz”, “Şəhidlərimiz”, “Media”, “Hesabat” və “Faydalı” ilə yanaşı “Xatirə dəftəri” bölməsi də mövcuddur. Şəhidin ailə üzvləri, yaxınları, sinif, tələbə, iş və döyüş yoldaşları sözügedən bölməyə daxil olaraq, şəhid barədə öz xatirələrini oxucularla bölüşə bilərlər.

AMEA-nın Gəncə Regional bölməsinin sədri Fuad Əliyev bildirib ki, Gəncənin I Qarabağ Müharibəsi, Vətən Müharibəsi, mülki və digər şəhidlər barədə məlumatların yer aldığı monoqrafiya çapa hazırlanır. Yaxın günlərdə monoqrafiyanın ilkin variantı müzakirə üçün təqdim olunacaq.

Təqdimat mərasimində çıxış edən teatrşünas-tənqidçi Anar Bürcəliyev saytın yaradılmasını Vətən uğrunda canından keçən igid oğullarımıza və şəhid ailələrinə göstərilən diqqətin bariz nümunəsi kimi qiymətləndirib. O, qeyd edib ki, şəhid ailəsi olaraq hər zaman dövlətin və şəhər rəhbərliyinin qayğısını hiss edilər. Layihənin həyata keçirilməsində əmək sərf edən hər kəsə öz minnətdarlığını çatdırıb.

Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət vəkili Naqif Həmzəyev, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və digərləri çıxış edərək, yeni yaradılan saytın şəhidlərimizin ölkə və dünya miqyasında tanıdılması baxımından önəm kəsb etdiyini bildiriblər. Həmçinin, vurğulanıb ki, Azərbaycan xalqı həm I Qarabağ, həm də 44 günlük Vətən müharibəsi zamanı şəhid olanları heç vaxt unutmayacaq, onların xatirəsi daim uca tutulacaqdır.

Qeyd edək ki, Gəncə şəhəri I Qarabağ Müharibəsində 90 nəfəri itkin olmaqla 467, 44 günlük Vətən müharibəsi dövründə isə 86-sı hərbi, 26-sı mülki olmaqla, 112 şəhid verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR