Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib

Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib
  • Clock-gray 14:34
  • calendar-gray 31 Avqust 2020

Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib.

APA-nın yerli bürosunun xəbərinə görə, müraciətdə qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Gəncə 2020-ci il 31 avqust tarixindən etibarən sərt karantin rejimi zonasından çıxarılıb. Buna səbəb şəhərdə həyata keçirilən preventiv tədbirlər nəticəsində yoluxma sayının kəskin azalmasıdır: “Nəzərinizə çatdıraq ki, Gəncədə pandemiya elan edildiyi ilk gündən COVİD-19 infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilib. 

Belə ki, şəhər ərazisində tibbi-profilaktiki və maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişinə əsasən Koronavirusa Qarşı Mübarizə Qərargahı yaradıldı. Qərargahın tərkibində fəaliyyət göstərən mobil qruplar maarifləndirmə tədbirləri aparıb. Gəncənin bütün küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri gücləndirilmiş qaydada həyata keçirilib. Şəhər rəsmilərinin iştirakı ilə Gəncənin müxtəlif ərazilərində maarifləndirmə xarakterli monitorinqlər təşkil olunub, sakinlərlə profilaktiki söhbətlər aparılıb. Eyni zamanda Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən də  reydlər təşkil edilərək, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində qanuna müvafiq formada tədbirlər görülüb. Lakin sərt karantin rejimindən çıxmağımıza baxmayaraq, ölkədə xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu isə o deməkdir ki, yuxarıda sadalanan tədbirlər mütəmadi olaraq davam etdiriləcək.  

Əziz sakinlər! Gəncə Şəhər İcra Hakimiyyəti həmrəylik göstərib qaydalara əməl edən sakinlərə öz dərin təşəkkürünü bildirir. Ümid edirik ki, bundan sonra da öhdənizə düşən vəzifəni layiqincə yerinə yetirəcəksiniz. Onu da bildirək ki, bütün görülən işlərin təməlində sizin sağlamlığınız dayanır”.

Fuad Nazimoğlu

Digər xəbərlər