Gəncədə Çanaqqala zəfərinin 106-cı ildönümü qeyd edilib

Gəncədə Çanaqqala zəfərinin 106-cı ildönümü qeyd edilib
# 16 mart 2021 13:54 (UTC +04:00)

Türkiyənin Gəncədəki baş konsulluğunda Çanaqqala zəfərinin 106-cı ildönümü qeyd edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bu münasibətlə təşkil olunmuş mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev, şəhər ziyalıları və media nümayəndələri iştirak edib.

Anım tədbirində çıxış edən konsul Zəki Öztürk bildirib ki, Çanaqqala şəhidlərinin əziz xatirəsi heç vaxt unudulmayacaq. Baş konsul Azərbaycan şəhidlərini də unutmayıb. Qeyd edib ki, ölkəsi 44 günlük müharibədə olduğu kimi hər zaman Azərbaycanın yanında olacaq.

Mərasimdə çıxış edənlər Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, Canaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.

Sonda Çanaqqala şəhidlərinə həsr olunmuş film nümayiş etdirilib.

Daha sonra Çanaqqala zəfərinin 106-cı ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR