Gəncədə Vətən müharibəsi şəhidlərinin ailələri müntəzəm ziyarət edilirlər - FOTO

Gəncədə Vətən müharibəsi şəhidlərinin ailələri müntəzəm ziyarət edilirlər - FOTO
  • Clock-gray 10:11
  • calendar-gray 29 Dekabr 2020

Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, bu baxımdan Gəncədə də bir sıra işlər həyata keçirilir.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar.

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə birlikdə həftə ərzində daha bir neçə şəhidin ailəsinə baş çəkib, başsağlığı verib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Zəfər tariximizin əbədiyyətə qovuşan simaları arasında Gəncənin 14 və 16 nömrəli tam orta məktəblərinin müəllimləri də var. Onlar Rabil İsmayılov və Rəşad Məmmədovdur.

Görüşdə şəhid yaxınları övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Niyazi Bayramov şəhid yaxınlarının problemləri və onları narahat edən məsələlərlə də maraqlanıb. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edən şəhid yaxınları, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildiriblər.

Şəhər rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə fəaliyyət göstərən idarə-müəssisə və təşkilat rəhbərləri də şəhid ailələrini diqqətdə saxlayırlar. Belə ki, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İlham Quliyev və əməkdaşları tərəfindən şəhid ailələri ziyarət edilib, onlara sovqat və hədiyyələr çatdırılıb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən Kamran Məhərrəmov da iştirak edib.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən 20-yə yaxın şəhid ailəsi ziyarət edilərək, yardım göstərilib. Gəncə şəhər və rayon icra hakimiyyətləri başçıları, habelə idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən şəhid ailələrinə ziyarətlər müntəzəm olaraq davam etdiriləcək.

Fuad Nazimoğlu

Digər xəbərlər