Gəncədə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzil verilib

Gəncədə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzil verilib
# 30 noyabr 2020 14:04 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində 50 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncədə mənzillərin təqdim edilməsi ilə əlaqədar tədbirdə qeyd edilib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il rekord səviyyədə - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir.

Yeni mənzil alan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri bu gün qalib dövlətin vətəndaşları olaraq hər birinin sonsuz fərəh və qürur içində olduqlarını, Ali Baş Komandanımızla fəxr etdiklərini deyib, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini qeyd ediblər. Bildiriblər ki, Azərbaycanın bu Qələbəsinə, doğma Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu da sevinir.

Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevinci bəxş etdiyinə və hər zaman həssas qruplara xüsusi qayğı göstərdiyinə, bu gün isə onlara yeni mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə Gəncədə 50 mənzil verilməklə, respublikanın 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) da yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib. Ümumilikdə bu gün 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR