“Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın onlayn təqdimatı keçirilib

“Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın onlayn təqdimatı keçirilib
# 30 dekabr 2020 12:39 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın onlayn formatda təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd ediblər ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, məşğulluğunun təmin edilməsi, müxtəlif spektrli dəstək mexanizmlərinin mövcudluğu, habelə yenilərinin davamlı olaraq yaradılması ölkə başçısı İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin məşğulluğunun artırılması hər iki qurumun nizamnaməsində yer almaqla, gündəlik fəaliyyətində də xüsusi önəm daşıyır.

Mustafa Abbasbəyli deyib ki, proqramda 3 fərqli istiqamətdən söhbət gedir: “Özünüməşğulluq istiqamətində gənclərə verilən istənilən aktiv bir il müddətində dövlət əmlakında saxlanılır. Bir ildən sonra son monitorinqdə əgər aktivlər təyinata uyğun istifadə edilirsə, həmin gəncin mülkiyyətinə verilir. İkinci məsələ əmək haqqının birgə maliyyələşməsidir. Qanunvericiliyə əsasən, proqram çərçivəsində 3, 6, 9, 12 aylıq müddətdə əmək haqqının 50 faizinin maliyyələşməsindən söhbət gedir. Lakin şərtlərdən biri ondan ibarətdir ki, işəgötürən həmin gənclə minimum 2 il müqavilə bağlamalıdır. İki ildən sonra isə işəgötürən sərbəstdir. Burada önəmli olan odur ki, həmin gənc özünü doğrultmalıdır ki, işəgötürənlə daha uzun müddətli işə davam etsin. Üçüncü məsələ peşə hazırlığıdır. Burada son nəticədə gənclə işə götürən arasında əmək müqaviləsi bağlanacaq. Amma əmək müqaviləsinin hansı müddətdə qüvvədə olması işə götürən və gəncin öz yanaşmasından, bilik və bacarığından asılı olacaq”.

Fərid Cəfərov qeyd edib ki, proqramın əsas hədəfi gəncləri dayanıqlı və davamlı məşğulluqla təmin etməkdir: “Bu proqram nəticəsində 3 klaster – həm təlimlər, həm özünüməşğulluq, həm də əmək haqqı subsidiyası nəzərdə tutulub. Müraciət edənlər potensiallarına və maraqlarına uyğun olaraq bu klasterlərdən birinə yönləndiriləcək. Proqramla bağlı xüsusi bir məqamı qeyd edim ki, burada əsas üstünlük verilən kateqoriya Vətən Müharibəsi iştirakçıları, şəhid ailələrinin övladları, müharibə zamanı mülki ərazilərin hədəfə alınmasında zərər çəkmiş gənclərdir. Həmçinin çalışacağıq ki, seçilən gənclər sırasında regiondan olan gənclər üstünlük təşkil etsin. Dövlət başçısının Sərəncamı ilə Fondun regionlarda inkişaf və karyera mərkəzləri təsis olunub. Bu günə qədər 30 belə mərkəz fəaliyyətə başlayıb. Yaxın aylarda daha 26 belə mərkəzin açılması nəzərdə tutulub. Həmin mərkəzlər bu proqram çərçivəsində gənclərin təlimləndirilməsi, maarifləndirilməsi funksiyasını da öz üzərinə götürəcək”.

Qeyd edək ki, Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı çərçivəsində 3 müxtəlif istiqamət üzrə: “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu”, “Peşəkar Gənclik” layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Tədbirdə eyni zamanda Gənclərin Dayanıqlı Məşğulluğu Proqramına müraciət üçün yaradılan www.genc.az saytının təqdimatı da baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR