Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqda əsasnamədə dəyişiklik edilib

Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqda əsasnamədə dəyişiklik edilib
# 11 dekabr 2020 19:13 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmana əsasən, döş nişanı da artıq fərqlənmə nişanları sırasına daxil edilib.

Fərmana görə, Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin xidmət etdiyi gömrük orqanını (qurumunu) müəyyənləşdirməyə imkan verən fərqlənmə döş nişanı bu Əsasnamədə nəzərdə tutulmuş qaydalara uyğun olaraq daşınır. Döş nişanı metal lövhədən hazırlanır. Uzunluğu 6 santimetr, eni 5 santimetr olmaqla, aşağı hissəsi ovalşəkillidir. Kənarları qızılı rəngli xətlə haşiyələnmişdir. Yuxarı hissə tünd göy rəngdədir və həmin hissədə qızılı rəngli fon üzərində ağ rənglə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin şəxsi qeydiyyat nömrəsi, sağ və sol kənarlarında isə qızılı rəngli sünbül təsviri həkk olunmuşdur. Döş nişanının orta sağ və sol kənarları tünd qırmızı rəngdədir, hər iki kənarda qızılı rəngli səkkizguşəli ulduz təsviri həkk olunmuşdur. Döş nişanının ovalşəkilli aşağı hissəsi tünd yaşıl rəngdədir və üzərində qızılı rəngli hərflərlə “Dövlət Gömrük Komitəsi” sözləri yazılıb. Orta (mərkəzi) hissədə Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının və Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri həkk olunub. Nişanın yuxarı, orta və aşağı hissələrini bir-birindən qızılı rəngli haşiyələr ayırır. Metal lövhə qara rəngli süni dəridən hazırlanmış altlığa bərkidilmişdir. Nişanın bərkidildiyi qara rəngli süni dəri altlığın yuxarı hissəsinin ortasında geyim formasına bərkidilmək üçün nəzərdə tutulan düymə dəliyi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR