Hafiz Səfixanov: "Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsini tələb etmək həmsədrlərin birbaşa vəzifəsidir"

Hafiz Səfixanov: "Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsini tələb etmək həmsədrlərin birbaşa vəzifəsidir"
  • Clock-gray 17:26
  • calendar-gray 17 Mart 2021

“Minalanmış ərazilərin xəritəsinin verilməsi texniki məsələdir. Bu, zaman-zaman konflikt olan ölkələr arasında yaşanıb və texniki məsələ kimi həllini tapıb”. 

Bunu APA-ya açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (İB) sədri Hafiz Səfixanov bildirib.

Onun sözlərinə görə, ancaq Ermənistan bunu da siyasi məsələyə çevirib və hələ də xəritələri verməməyə davam edir: “Dünya ölkələri arasında yalnız İtaliyanın bir subyektində minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini tələb edən qərar qəbul olunub. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsini tələb etməsi isə onların birbaşa vəzifəsidir. Rusiya dövləti də Ermənistana olan təsir gücündən istifadə edib xəritələrin verilməsini təmin etməli idi. Güman edirəm ki, Azərbaycan Baş nazirlərin müavinləri səviyyəsində yaradılan Üçtərəfli Komissiyanın iclasında bu məsələni qaldırır. Bundan başqa, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibinə bununla bağlı müraciəti olub. Həmin müraciət BMT-nin sənədi kimi yayılıb. Amma təəssüflər olsun ki, hələ xəritə yoxdur və insanlar minalardan zərər çəkməyə davam edirlər”. 

H. Səfixanov qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanı hərbi əsirlər məsələsinə görə günahlandırır və buna qarşı kampaniya aparılır: “Azərbaycan tərəfi buna yüksək səviyyədə cavab verib ki, 10 noyabr müqaviləsindən sonra tutulan erməni əsgərləri, zabitləri hərbi əsir sayılmır, çünki onlar diversantdılar, Azərbaycana da terror aktı törətmək üçün gəliblər. Orada Azərbaycan tərəfinin həm hərbçiləri arasında qurbanları var, həm mülki şəxsi yaralanıb. Dediyim kimi, bu məsələdə ən böyük rolu Rusiya tərəfi oynaya bilər. Çünki Ermənistan təsir gücünün az olduğunu desə də, əslində Rusiyanın Ermənistana təsir gücü böyükdür. Rusiya ən azından Qarabağda sülhməramlı missiyanı yerinə yetirməklə bağlı imicini qorumaq naminə xəritələrin Azərbaycana verilməsində maraqlı olmalıdır. Çünki Rusiyanın sülhməramlı qüvvələri də həmin ərazilərin minalardan təmizlənməsində iştirak ediblər. Bizdə olan məlumata görə, onlardan 3 nəfər həmin minalardan zərər görüblər, 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb”. 

Günay Elşadqızı

Digər xəbərlər