Hande Harmancı: "İlkin səhiyyənin inkişafı ölümlərin sayının azaldılmasına yardımçı ola bilər”

Hande Harmancı: "İlkin səhiyyənin inkişafı ölümlərin sayının azaldılmasına yardımçı ola bilər”
# 25 yanvar 2021 18:17 (UTC +04:00)

“Hər bir böhran yeni dəyişikliklər üçün imkan yarada bilər. Davam etməkdə olan pandemiya səhiyyə sistemlərində olan çatışmazlıqların nə olduğunu görməyimizə kömək etdi. Biz bu pandemiyanı Azərbaycandakı ilkin səhiyyə xidmətlərinin transformasiyası üçün imkan kimi nəzərdən keçirmək istəyirik”.

APA-nın məlumatına görə, bunu ÜST-ün Azərbaycandakı Nümayəndəsi Hande Harmancı PROACT-Care layihəsinin ölkəmizdə ilkin səhiyyə modeli üçün uzunmüddətli baxışın müzakirə olunduğu onlayn koordinasiya görüşündə bildirib. Onun sözlərinə görə, ÜST-ün araşdırması göstərir ki, ilkin səhiyyədə təkcə hipertoniyanın diaqnostikasının, müalicəsininin və xəstələrin nəzarətdə saxlanılmasının yaxşılaşdırılması, il ərzində 24 min insanın həyatını xilas etmək və nəticədə 600 milyon manata qənaət etmək potensialına malikdir.

"Bu baxımdan ilkin səhiyyənin inkişafı ölümlərin sayının azaldılması, səhiyyə xidməti ilə bağlı xərclərin aşağı salınması, iqtisadi itkilərinin minimallaşdırılması və məhsuldarlığın artırılmasına yardımçı ola bilər”.

Qeyd edək ki, “PROACT-Care” layihəsinin icrasına rəsmi olaraq gələn ay Şamaxı rayonunda başlanılacaq.

Görüşdə çıxış edən TƏBİB-in sədri Ramin Bayramlı bildirib ki, pandemiyaya qarşı mübarizə aparılan bir vaxta bu cür layihənin həyata keçirilməsi bizim üçün də önəmlidir. O, “PROACT-Care”nin ilkin səhiyyə sahəsində nəzərdə tutulan islahatlara böyük töhfə verəcəyinə ümid etdiyini bildirib.

ÜST-ün eksperti İbrahim Durak görüş iştirakçılarına ötən ilin avqust və dekabr aylarında Şamaxı rayonunda keçirilmiş ehtiyacların qiymətləndirilməsi missiyaları barədə ətraflı məlumat verib və bildirib ki, Şamaxıda hipertoniyadan əziyyət çəkən hər 9 nəfərdən cəmi 1-nə (11%) diaqnoz qoyulub və bu xəstəlikdən müalicə alan hər 11 nəfərdən cəmi 1-nə (9%) yaxşı nəzarət edilir.

ÜST-ün eksperti En Yohansen vurğulayıb ki, qeyri-yoluxucu xəstəliklər səbəbindən il ərzində ümumdaxili məhsulun 4%-i itirilir:

“Mükəmməl ilkin səhiyyə qarşısı alına bilən ölüm hallarının 25%-də xəstənin həyatını xilas edə bilər”,- deyə o bildirib. Həmçinin qeyd edilib ki, layihə çərçivəsində bu ilin 8 fevral-15 mart tarixində Şamaxıda 100-dən çox tibb işçisinə COVID-19, kardiometabolik risklər və ana və uşaq sağlamlığı mövzularında təlimlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR