Harmancı: “COVAX-ın hədəfi 2 milyard doza vaksin paylanmasıdır”

Harmancı: “COVAX-ın hədəfi 2 milyard doza vaksin paylanmasıdır”
  • Clock-gray 18:54
  • calendar-gray 15 Fevral 2021

“ÜST-ün tərəfdaş olduğu COVAX sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaranan təşəbbüsdür”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, COVID-19 alətlərinə əlçatanlığı təmin etmək üçün 10 ay əvvəl imkan yaradılıb: “İlk vaksinlərin daha tez istehsal olunması həyata keçirilib. Birinci məqsədə çatmışıq, vaksinlər mövcuddur. Lakin ikinci məqsəd - bərabər paylanma ilə əlaqədar hələ də görüləsi işlər var. Ölkələr səhiyyə işçilərini vaksinasiyadan keçirəndən sonra vaksinləri paylaşmaq lazımdır. Riskli qrupları vaksinasiyadan keçirməsək, virusun yayılma ehtimalı daha da artar. COVAX 190 iştirakçı ölkəyə 18 yanvara qədər cavab tələb edən bir məktub göndərib. Ölkələri dəvət edib ki, ilk “Pfizer” vaksinlərinin paylanmasına qoşulsunlar. 72 ölkə qatıldı, 6 regional komitə yaradıldı, çünki “Pfizer” vaksinlərinin sayı 2.5 milyon ədəd idi. Seçim meyarları tətbiq olunur. Birincisi, ölkədə vaksinasiyanın başlanıb-başlanmamasına baxıldı. Vaksinasiyaya başlayan ölkələr siyahıdan çıxarıldı. İkincisi, ölkələrin vaksinasiyaya hazırlığı nəzərə alınıb. Bununla say 55 ölkəyə düşdü. Sonuncu meyar pandemiya ərzində koronavirusdan ölənlərin sayına görə götürülüb. Nəticədə 18 ölkə qaldı və onlara 2.5 milyon vaksin paylandı”.

H. Harmancının sözlərinə görə, COVAX 2 milyard doza vaksinin paylanmasını hədəf seçib: “Bunun da aşağı gəlirli ölkələrə paylanması nəzərdə tutulur. Layihənin 2021-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır. Lakin buna nail olmaq üçün sürətli və bərabər paylanma olmalıdır. 26 milyard dollar vəsait çatışmazlığı qarşılanmalı, o cümlədən COVAX üçün ayrılan 7.8 milyard dollar ödənməlidir”.

Əsmər Qabil

Digər xəbərlər