Hikmət Əlizadə: "Ovçuluğa münasibətdə fikir ayrılığı mövcuddur"

Hikmət Əlizadə: "Ovçuluğa münasibətdə fikir ayrılığı mövcuddur"
# 27 fevral 2020 11:34 (UTC +04:00)

"Ovçuluq Azərbaycan xalqı üçün ənənəvi məşğuliyyət növlərindən biridir. Lakin hazırda ovçuluğa münasibətdə fikir ayrılığı mövcuddur".

APA xəbər verir ki, bunu Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı Forumunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, vətəndaşların bir qismi ovçuluğun məşğuliyyət növü kimi tərəfində olsalar da, bəziləri onu qeyri-humanist məşğuliyyət adlandırırlar: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq məxrəc yaratmağa çalışır. Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, limitlərə əməl etməlidir".

O qeyd edib ki, hər il ov mövsümü açılanda nazirlik nəzdində ov məsələləri üzrə elmi koordinasiya şurası fəaliyyət göstərir: "Şuraya mütəxəssislər, alimlər dəvət olunur. Bu il şura öz fəaliyyətini genişləndirmək üçün maraqlı tərəfləri də cəlb edəcək. Şura Azərbaycan təbiətində növlərə uyğun sayda ov icazəsinin verilməsini müəyyən edir ki, ov obyektinin populyasiyasına ziyan vurmasın. Ov müddətləri müəyyənləşdirilərkən heyvanların bioloji xüsusiyyətləri, çoxalma dövrləri qeydə alınır. Yalnız bundan sonra məhdud sayda, məkanda və müddətdə ova icazə verilir. Bu qaydalar məcburidir. Bu zaman vətəndaşların istəkləri deyil, tövsiyələri nəzərə alına bilər. Məqsədimiz məsuliyyətli ovçuluğu təmin etməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR