Həkim-transplantoloqların hüququ və vəzifələri müəyyənləşəcək

Həkim-transplantoloqların hüququ və vəzifələri müəyyənləşəcək
# 01 iyun 2020 18:31 (UTC +04:00)

Həkim-transplantoloqun hüquqları və vəzifələri məlum olacaq.

APA-nın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həkim-transplantoloq donor orqanının donordan resipiyentə köçürülməsi əməliyyatını aparan, orqan köçürüldükdən sonra xəstəliyi olan şəxsin müalicə və müşahidəsinə cavabdeh olan ixtisaslı mütəxəssisdir.

Həkim transplantoloqun hüquq və vəzifələri aşağıdakılardır:

- donorun və resipiyentin hərtərəfli müayinəsi, transplantasiya əməliyyatının göstəriş və əks göstərişlərinin müəyyən edilməsi, əməliyyataqədər hazırlıq, əməliyyatın icrası və əməliyyatdan sonrakı müşahidəni həyata keçirmək;

- aparılan əməliyyat və onun mümkün nəticələri barədə resipiyentə ətraflı məlumat vermək;

- canlı donora əməliyyatın mahiyyəti və mümkün ağırlaşmalar haqqında ətraflı məlumat vermək;

- donor evli olduqda arvadının (ərinin) bu barədə məlumatlı olub-olmadığını araşdırmaq və məlumat vermək;

- aşağıdakı hallarda əməliyyatdan imtina etmək;

- canlı donorun məlumatlandırılmış razılığı olmadıqda və ya donor hər hansı bir mərhələdə donor olmaqdan imtina etdikdə;

- resipiyentin əsas xəstəliyi və ümumi vəziyyəti transplantasiya əməliyyatı üçün uyğun olmadıqda;

- donorun sağlamlığı transplantasiyaya uyğun olmadıqda;

- canlı və ya meyit donorda resipiyentə keçə bilən təhlükəli xəstəlik olduqda;

- canlı donorla resipiyent arasında donor orqanının alqı-satqısına dair məlumat olduqda.

Eyni zamanda layihəyə əsasən, orqanların transplantasiyasının zəruriliyi haqqında qərarın verilməsi qaydası da müəyyənləşir.

Layihəyə əsasən, xəstəliyi olan şəxsə orqan transplantasiyası yardımının göstərilməsinə ehtiyacının olub-olmaması barədə qərar bu fəaliyyəti həyata keçirmək hüququ olan tibb müəssisəsinin təşkil etdiyi həkim komissiyası tərəfindən qəbul olunur. Həkim komissiyasının tərkibinə həkim-transplantoloq da daxil edilir. Həkim komissiyasının xəstəliyi olan şəxsə orqanların transplantasiyası zərurəti və onun resipiyent kimi donor orqanı gözləyənlər siyahısına daxil edilməsi və ya orqanların transplantasiyası üçün tibbi göstərişlərin olmaması haqqında qərarı iki nüsxədən ibarət protokol şəklində rəsmiləşdirilir. Həkim komissiyasının qərarının protokolunun bir nüsxəsi üç iş günü ərzində şəxsin özünə (və ya onun səlahiyyətli nümayəndəsinə) təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə daxil edilir.

Həmçinin, xəstəliyi olan şəxsə orqanların transplantasiyası metodu ilə tibbi yardımın göstərilməsi üçün tibbi göstərişlərin olub-olmamasının müəyyən edilməsi üçün orqanların transplantasiyası metodu ilə tibbi yardım həyata keçirən tibb müəssisəsinə göndərilməsi qaydaları, tibb müəssisəsinin həkim komissiyasının qərarının protokol forması müvafiq hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR