Həkəri və Bərgüşad çaylarına farel balıqları buraxılıb - FOTO

Həkəri və Bərgüşad çaylarına farel balıqları buraxılıb - FOTO
# 13 aprel 2021 14:55 (UTC +04:00)

Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə xırda farel balıqları buraxılıb.

APA-nın Qubadlıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, çəkisi 30-50 qram olan 1000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyirinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub.

"Qızıl xallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək. Bundan əlavə, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”, - deyə F. Əliyev bildirib.

Onun sözlərinə görə, bu il 2 milyon 300 min kütüm, 1 milyon 500 min çəki, 1 milyon ağ amur, 1 milyon enlialın, həmçinin Xıllı nərə balıqartırma zavodu tərəfindən 550 min nərə cinsli balıq körpəsinin təbii su hövzələrinə buraxılması planlaşdırılır.

F. Əliyev bildirib ki, hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii su hövzələrinə balıq körpələrinin buraxılışı həyata keçirilir.

Xidmət rəisi qeyd edib ki, ərazilərin minalardan və döyüş sursatlarından təmizlənməsi başa çatdıqdan sonra tədricən reintroduksiya layihələri reallaşdırılacaq, işğaldan azad olunmuş ərazilərə məxsus olan heyvanların da təbii populyasiyasının bərpa olunması, həmçinin həmin ərazilərdə onların sayının artırılması ilə bağlı tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR