Həsən Həsənov Kembric Universitetində Novruz bayramının Azərbaycan versiyasını izah edib

Həsən Həsənov Kembric Universitetində Novruz bayramının Azərbaycan versiyasını izah edib
# 23 aprel 2021 17:19 (UTC +04:00)

Bu gün Britaniya Tədqiqatlar və İnnovasiyalar Mərkəzi və Qlobal problemlərin tədqiqatı Fondunun Kent Universitetində həyata keçirdiyi COMPASS layihəsi, Kembric Universitetinin İnkişaf Araşdırmaları üzrə Mərkəzi, Kembric Mərkəzi Asiya Forumu, və Kembric Universitetinin İsa Mərkəzinin dəvəti, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin dəstəyi ilə fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Həsən Əziz oğlu Həsənovun “Novruz ənənələri: Azərbaycandan tarixi baxış” mövzusunda, onlayn formatda mühazirəsi baş tutub.

APA-nın Britaniya müxbirinin məlumatına görə, tədbirə Kembric Universitetinin İsa Kolleci və Kembric Mərkəzi Asiya Forumunun direktoru, professor Sidhart Saksena moderatorluq edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə açıb.

Mühazirədə Kembric Universitetinin müəllim, mütəxəssis və tələbə heyəti, eləcə də Universitetin tərəfdaşı olan təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Çıxışının əvvəlində Həsən Həsənov Azərbaycan adında dövlətin mənşəyi barədə qısa təqdimat verib. Daha sonra o, qədimdə Yeni ilin məhz yazın gəlişi ilə qeyd olunması ənənələri, Novruz bayramının Azərbaycan versiyasındakı səkkiz bayram günü və onların semantikası, Azərbaycan versiyasında Novruz Bayramı qarşılanarkən şer oxuma ritualları, azərbaycanlıların yeni il bayramındakı süfrə ənənəsi və Novruz bayramının Azərbaycan versiyasının qeyd edilməsinin özünəməxsusluqlarından geniş şəkildə bəhs edib.

Sonda H. Həsənov xüsusilə vurğulayıb ki, Azərbaycan versiyasında yeni ilin məhz Yaz gecə və gündüz bərabərliyi (Yaz ekinoksu) günü qeyd olunmasında Şumer, Etrusk, Misir, Roma, İskit və təbii olaraq qədim türk ənənələrinin mənşəyi izlənilir.

Mühazirədən sonra Həsən Həsənov auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Həsən Həsənov təkcə Azərbaycanın görkəmli siyasətçi və diplomatı deyil, həm də “Birinci Respublikaya doğru”, “İkinci Azərbaycan Respublikasının ilkin dövrləri” və “Makedoniyalı İsgəndər və Atropat” kimi akademik işlərin, eləcə də YUNESKO-nun himayəsi ilə nəşr edilmiş “Qız Qalası” tədqiqat işinin müəllifidir. Professor Həsənov, həmçinin Novruz bayramı və zoroastrianizm mövzularında nəşrlər seriyasının müəllifidir. Onun tədqiqat işləri Bakı, Tbilisi, Moskva, eləcə də Avstriya, Polşa, Almaniya, Bolqarıstan və İtaliyada nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR