İTSDA müştərək maliyyələşmə məbləğinin toplanılmasının təxirə salınması ilə bağlı PA-ya müraciət edib

İTSDA müştərək maliyyələşmə məbləğinin toplanılmasının təxirə salınması ilə bağlı PA-ya müraciət edib
# 06 aprel 2021 10:55 (UTC +04:00)

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə Prezident Administrasiyasına müraciət edib”.

Bu barədə APA-nın sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, Prezident Administrasiyası qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etdikdən sonra qanunvericiliyə dəyişikliyi Milli Məclis həyata keçirəcək.

Bildirilib ki, müştərək maliyyələşmə məbləği “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir.

“Qanunvericiliyə dəyişikliyi Azərbaycan Respublikasının Milli Məclisi, qərara dəyişikliyi isə Nazirlər Kabineti həyata keçirir. Hər hansı dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir”,-deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Eyni zamanda, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompüter tomoqrafiyası xidmətlərinə görə hər sığorta hadisəsinə görə 20 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Vətəndaş tərəfindən Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə uyğun olaraq (ilkin olaraq ailə həkiminə müraciət olunduqda, ailə həkimin göndərişi əsasında ixtisaslı həkimə müraciət olunduqda) icbari tibbi sığorta təminatı çərçivəsində ixtisaslaşdırılmış ambulator tibbi yardım (KT, MRT xidmətləri istisna olmaqla), stasionar tibbi yardım, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödənilmir.

Müştərək maliyyələşmə məbləğinin tətbiqinə aprelin 1-dən başlanılmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR